Rənglərdə gözəlləşən özbək
Mədəniyyət

Rənglərdə gözəlləşən özbək "ilmələri" Bakıda

Yazın gəlişi təbiətin oyanması kimi xarakterizə olunsa da bu, həm də insanın ovqatına müsbət təsir edir. Qışın nağılvari dünyasından ayrılan Adəm övladı ətraf aləmlə təmasdan zövq alır. Axı, bahar fəsli özü ilə həm də gözəllik, işıq, canlanma gətirir. Bu rəngarənglikdə xoş ovqat, əhvali-ruhiyyə yaranır. Bütün bunlardan güc alan, ilhamlanan insan ürəyinin odu, zəkasının qüvvəsi, istedadının gücü ilə təbiətdən cəmiyyətə inteqrasiya edərək möcüzələr yaradır. İnsan əməyinin möcüzələrindən biri də tikmə, toxuma sənətidir.

Qədim zamanlarda şərq xalqları və türk millətlərinin əsas məşğuliyyətindən biri hesab edilən bu yaradıcılıq sahəsi olduqca maraqlı və sirlidir. Bu işlə məşğul olan insanlarda vacib şərt yüksək təxəyyül, zövq və səbirdir. Əgər bunların hansısa mövcud deyilsə, o zaman görülən iş nə keyfiyyətli alınacaq, nə də göz oxşayacaq. Rəngli ilmələrin vəhdətində sirli aləm yaradan toxuma və tikmə sənəti türk xalqlarının əsas məşğuliyyət sahəsi olub. Uzun qış gecələrinin, qarlı, çovğunlu günlərin sevilən məşğuliyyəti olub bu sahə. İnsanlar sevgilərini, məhəbbətlərini qatdıqları bu sənətə böyük zövqlə yanaşıblar. Belə gözəl sənət əsərləri yaradan xalqlardan biri də özbəklərdir. Bu günlərdə ölkəmizə səyahət edən Özbəkistanın sənət adamları yazın gəlişini heç də təsadüfi seçməyiblər. Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi öz işinə başlayıb. Özbəkistan mədəniyyətinin və incəsənətinin inkişafı Fondu ilə birgə keçirilən sərgidə 148-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir. Sərgi XIX əsrin sonu-XX əsrin əvvəlində Özbəkistanın mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunub.

Sərgidə kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi) bölməsi, Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdən əl ilə işlənmiş dekorativ tekstil nümunələri olan tikmə bölməsi, Səmərqənd, Buxara və Qaraqalpaqıstandan olan qədim ustaların gümüş, firuzə və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölməsi ilk növbədə XIX-XX əsr Özbəkistan sənətkarlığının inkişafını əks etdirir. Qeyd edək ki, buxaranın qızıl tikmələri hər zaman Özbəkistanda digər sənət növləri arasında xüsusi yer tutur. Yazın gəlişini bildirən Novruz bayramı ərəfəsində Heydər Əliyev Mərkəzində əlvan rəngli, bahar təravətli ekspozisiya olduqca böyük əhəmiyyət kəsb edir.

Azərbaycan və Özbəkistanın qədim köklərə malik tarixi əlaqələri çoxşaxəli xarakter daşıyır. Bu xalqların etnik köklərinin eyniliyi, ilk növbədə, çoxsaylı tarixi faktların da sübut etdiyi din birliyini şərtləndirir. Din birliyi memarlıq, ədəbiyyat və miniatür sənətinin inkişafında, ən əsası isə hər iki xalqın mentalitet və dünyagörüşünün oxşarlığında özünü büruzə verir. Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi də iki dövləti yaxınlaşdıran amillərdəndir. Bu gün iki ölkənin ictimai-siyasi və iqtisadi həyatında baş verən dəyişikliklər, böyük uğurlar qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına şərait yaradır. Qədim tarixə və mədəni irsə malik olan Azərbaycan və Özbəkistan xalqlarının dostluq əlaqələri gələcək münasibətlərin daha da inkişaf etməsinə zəmin yaradır. Bu baxımdan, xalqlar arasında siyasi-iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət sahəsində də görüşlər olduqca vacibdir. "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərginin bu mənada böyük əhəmiyyəti var.

Bu sərgi ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Tədbirin keçirilməsinə dəstək göstərən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hər zaman bu xalqın mədəniyyətinə böyük maraqla yanaşmışdır. Hələ 2022-ci il noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə "Özbəkistanın rəngləri" adlı sərgidə iştirak etmişlər. Sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunmuşdu. Burada sərgilənən əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bütün istiqamətlərini əhatə etmişdi. Bu gün isə Özbəkistan öz sənət nümunələri ilə Azərbaycana qonaq gəlib.

Onu da qeyd edək ki, sərgidən bir gün əvvəl, "Lazgi. Qəlb və sevginin rəqsi" adlı balet tamaşasının təqdimatı olub. Bu, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan rəqsdir. Sərginin açılış mərasimində Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva çıxış edərək Azərbaycanda olmaqdan və bu sərginin təşkilindən məmnunluğunu ifadə edib: "Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı böyük sərgi açılır. Bu sərgi təkcə dekorativ-tətbiqi sənət kolleksiyasını nümayiş etdirmir, həm də Özbəkistanın mədəni irsinin zəngin müxtəlifliyinin canlı şahidi, onun tarixi dərinliyinin və mədəni təkamülünün təcəssümüdür". Xalqlarımızı tarixdə, mədəniyyətdə və ənənələrdə çoxsaylı ortaq məqamlar birləşdirir. Bizim həm də qonaqpərvərvərlik, zəngin milli mətbəx və tikmə, ağac üzərində oyma, keramika kimi nadir xalq sənəti irsinə sahib ortaq cəhətlərimiz var".

Çıxışlardan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Azərbaycan xalçası - ilmələrin rəqsi" və "Kukla incəsənətdə" sərgiləri ilə tanış olublar. Qeyd edək ki, xalça kolleksiyası 8 ilə ərsəyə gəlib. Qədim sənətə yeni nəfəs verən sərginin kolleksiyasındakı "Yaranış", "Şikargah", "Xan ovu", "Cəng və barış", "Bəndi-rumi", "Şəbəkəli", "Adəm və Həvva", "Ağaclı", "Narlı", "Göllü", "Ləçək-turunc", "Dörd fəsil", "Tağlı", "Cəmadət" xalçaları, "Cənnət quşları" və "Cənnət bağı" dəstxalı - gəbələri bənzərsiz sənət nümunələri böyük maraqla qarşılanıb. Kolleksiyadakı xalçaların hər biri naxışlar, ornamentlər ziyarətçilərin zövqünü oxşayır. "Kukla incəsənətdə" sərgisində isə 200-dən çox kukla nümayiş etdirilir. Ekspozisiyada sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir.

Heydər Əliyev Mərkəzində təşkil edilən dost ölkənin mədəni-tarixi irsini özündə yaşadan "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi iyulun 1-dək davam edəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".