Ədəbiyyatımız xalqımızın milli sərvətidir
Mədəniyyət

Ədəbiyyatımız xalqımızın milli sərvətidir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Heydər Əliyevin məruzə, çıxış, görüş və müsahibələrindən ibarət "Müdriklik mücəssəməsi" adlı toplusunu çap etdirib. Nəşrin elmi məsləhətçisi və ön söz müəllifi akademik İsa Həbibbəyli, ilk nəşrin tərtibçisi professor Vilayət Quliyev, təkmilləşdirilmiş ikinci nəşrinin tərtibçisi, professor Asif Rüstəmlidir. Professor Vilayət Quliyev Heydər Əliyevin 1969-1999-cu illəri əhatə edən çıxış və nitqlərini ilk dəfə toplayaraq "Ədəbiyyatın yüksək borcu və amalı" adı ilə çap etdirib.

Ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən hazırlanan "Ədəbiyyatın yüksək borcu və amalı" kitabı təkmilləşdirilərək yenidən "Müdriklik mücəssəməsi" adı altında nəşrə hazırlanıb. "Müdriklik mücəssəməsi" adlı kitab geniş oxucu və tədqiqatçı auditoriyası olan ədəbi-tarixi irsdir. "Uzaqgörən dahi şəxsiyyətin dövlət siyasətinin üzvi tərkib hissəsi olan ədəbiyyat təlimi yaşayır, dövlət müstəqilliyimizin, milli mədəniyyətimizin, elmimizin və ədəbiyyatımızın inkişafına işıq salır".

Ulu öndər 1969-1982-1993-2003-cü illərdə humanitar sahədə qurultaylar, konfranslar keçirib, mötəbər məclislərdə, görüşlərdə parlaq nitqlər söyləyib, məruzələr, çıxışlar edib, müsahibələr verib. Kitabda bunlar 4 bölmədə əks etdirilib.

"Heydər Əliyevin dövlətçilik təliminin ədəbiyyat dərsləri" adlı "Ön söz"də Heydər Əliyevin timsalında ədəbiyyat və sənətin tarixi roluna önəm verilib. Müəllif bu baxımdan, Heydər Əliyevin yaradıcı, qurucu missiyasında ədəbiyyat amilinin mənəvi-estetik rolunu önə çəkib: "Görkəmli dövlət xadimi Heydər Əliyev üçün ədəbiyyat həm xalqın ideya mənəvi təkamülü, həm də milli oyanış və həmrəyliyinin əsas hərəkətverici qüvvəsi kimi mühüm əhəmiyyət kəsb etmişdir. O, ədəbiyyatın təsir gücünə dərin inam bəsləyib, cəmiyyət həyatının ən müxtəlif məqamlarında ədəbiyyata müraciət etməyin əvəzedilməz imkanlarını bacarıqla sınaqdan çıxarıb".

Heydər Əliyev ədəbiyyatın, incəsənətin həyata və insana münasibətinin ideya-məfkurəvi roluna böyük əhəmiyyət verib: "Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşam, onları bu gün də unutmamışam... Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam".

Görkəmli dövlət xadimi xalqımızın milli-mənəvi özünüdərkində ədəbiyyatdan faydalanıb, Azərbaycan dilinin dövlət səviyyəsinə qaldırılması, milli dövlət müstəqilliyinin təminatında ədəbiyyatın tükənməz potensialına  istinad edib.

Ulu öndər Heydər Əliyev bədii sözün insan ağlına, insan zəkasına göstərdiyi təsir gücünə böyük inam bəsləyib. Bu ruhla, amalla ədəbiyyatımızın qəhrəmanlıq tarixini mənimsəyib, onu xalqın ədəbi-ictimai varlığının diqqət mərkəzinə çəkib, yazıçı və şairlərimizi milli ideallar cəbhəsində səfərbər edib, onların mənəvi qüdrətinin üzə çıxarılmasına səy göstərib. Ön sözdə qeyd edilir: "Ölkə rəhbəri kimi, Heydər Əliyevin Azərbaycan yazıçılarının qurultaylarında, görkəmli yazıçı və şairlərin yubileylərində, ədəbiyyat və incəsənət günlərindəki çıxışları ədəbiyyatın böyük amalları və təsiredici imkanları vasitəsilə xalqımızı inkişaf etdirmək, daha işıqlı sabahlara doğru səfərbər etmək dərsləridir. Ədəbiyyat siyasəti Heydər Əliyevin apardığı dövlət siyasətinin sadəcə tərkib hissəsi olmayıb, həmin uzaqgörən müdrik siyasətin aparıcı xəttini təşkil edib".

Heydər Əliyev müstəqillik illərində də ədəbiyyatımızı ictimai mühitin ön cəbhəsinə çıxarmaq üçün inamla çalışıb, milli-azadlıq və mədəniyyətin inkişaf dinamikasına dövlət əhəmiyyətli vəzifə kimi baxıb.

Ədəbiyyat amili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dövlətçilik siyasətində mühüm yer tutub. Ön söz müəllifi xatırladıb ki, İlham Əliyevin sərəncamları əsasında Azərbaycanda ilk dəfə "Nizami Gəncəvi İli", "İmadəddin Nəsimi İli", "Molla Pənah Vaqif İli" keçirilib, ədəbiyyat işinin üfüqləri daha da genişləndirilib.

Məruzələr, çıxışlar bölməsində 52 məruzə və çıxışın mətni verilib. Mətnlər xronoloji ardıcıllıqla düzülüb. "Tarixi köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir" (1996) adlı yazı - Türk dünyası Yazıçılarının III qurultayı haqqındadır. Heydər Əliyev deyib: "Əmin olduğumu bildirmək istəyirəm ki, türk dünyasının yazıçıları və bizim ölkəmiz, xalqlarımız bu işi davam etdirəcəklər, türkdilli xalqların, ölkələrin yazıçıları gündən-günə bir-birinə yaxınlaşacaq, bir-birinə kömək edəcək, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha da geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradacaqlar".

Kitabın ikinci bölməsi "Görüşlər, xatirələr" adlandırılıb. Bu bölmədə 17 görüş-xatirənin mətni verilib."Ziyalılarla görüşlər həmişə böyük bir bayram təsəvvürü yaradır" (21 sentyabr 1993) yazıda - görkəmli dövlət başçısının Azərbaycan MEA-da ziyalılarla görüşünün məzmunu əks etdirilib. Görüş zamanı ziyalıları narahat edən məsələ Azərbaycan Respublikasının müdafiə vəziyyəti, xalqın ağır tarixi şəraitdə ərazi bütövlüyünü bərpa etmək məramı ilə bağlı olub.

"Təbrik məktubları" adlı üçüncü bölmədə Məmməd Arazın (1993)- 60, İlyas Əfəndiyevin (1994) - 80, Hüseyn İbrahimovun (1994) - 75, İ.Şıxlının (1994) - 75, Nəbi Xəzrinin (1995) - 70, Yusif Səmədoğlunun (1995) - 60, Mirvarid Dilbazinin (1997) - 85, Hüseyn Abbaszadənin (1997) - 75, Anarın (1998) - 60, Məhəmmədhüseyn Şəhriyarın 90 illiyi (1998), habelə, 22 İyul - Milli Mətbuat Günü (1994), Novruz bayramı (2003), Azərbaycan Jurnalistlərinin I qurultayı (2003), II Avrasiya Media Forumunun keçirilməsi (2003) münasibətilə təbrik məktublarının mətni verilib.

"Müsahibələr" adlı dördüncü bölmədə "Literaturnaya qazeta"nın müxbirinə verdiyi "Bərabərlər İttifaqında" (1972) və "Qoy ədalət zəfər çalsın" (1981) adlı müsahibələr yer alıb.

Ümummilli lider Heydər Əliyevin "Müdriklik mücəssəməsi" adlı qiymətli kitabı humanitar-ictimai elmlərin oxucu və mütəxəssisləri üçün zəngin müntəxabat, tarixi-ideoloji sənəd, Heydər Əliyevşünaslıq üçün qiymətli mənbə, elm, ədəbiyyat, təhsil və mədəniyyət işçiləri, habelə, mətbuat nümayəndələrinə dəyərli töhfədir.

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu direktorunun müşaviri, filologiya elmləri doktoru.