Lənkəran Dövlət Dram Teatrında “İki iyirmi üç arasında” adlı tamaşanın nümayişi
Mədəniyyət

Lənkəran Dövlət Dram Teatrında “İki iyirmi üç arasında” adlı tamaşanın nümayişi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Lənkəran Dövlət Dram Teatrı da öz növbəsində “Heydər Əliyev İli” nə töhfə olaraq Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin “İki iyirmi üç arasında” əsəri əsasında eyniadlı verbatim-kompozisiyaya quruluş verib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kompozisiya sənədli teatr estetikasında – verbatim janrında qurulub. Kompozisiyada Ulu Öndərin 1923–2003-cü illər ərzindəki həyat və fəaliyyəti təqdim olunur, onun Azərbaycan xalqının ictimai-siyasi, sosial-kulturaloji həyatındakı rolu, millətimizin özünüdərk prosesi yolundakı fəaliyyəti göz önündə canlandırılır. Ulu Öndər milli azərbaycançılıq ideologiyasının banisi kimi təqdim edilir. Kompozisiyanın məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin yaradıcılığını tamaşaçılara və yeni nəslə çatdırmaq, müasir Azərbaycanın qurucusu kimi xalqımızın tarixində oynadığı rolu bir daha nümayiş etdirməkdir. Verbatim-kompozisiyanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Babazadə, rəssamı Nərgiz Baxşızadədir.