Regionun iqtisadi inkişafına xidmət edən dəmir yolu
Siyasət

Regionun iqtisadi inkişafına xidmət edən dəmir yolu

BTQ ölkəmizin qüdrətinin artmasında mühüm rol oynayır

"Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Respublikamız 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub Qaz dəhlizi", TANAP və TAP kimi layihələrin təşəbbüskarı, eləcə də həyata keçirilməsində əsas söz sahibi məhz ölkəmiz olmuşdur.

Son illər ölkəmizin nəqliyyat infrastrukturunda yenidənqurma işləri - Bakıda və bölgələrdə beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub, "Cənub-Qərb" nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi bu sahənin inkişafına güclü təkan verib. Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır və ölkəmizi mühüm nəqliyyat-logistika mərkəzinə çevirir.

Azərbaycan bu gün həm də öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifidir. Bu təşəbbüslərdən biri isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. 2017-ci ilin oktyabrın 30-da inamlı inkişaf yolu tutan, regionun lider dövləti olan Azərbaycanda daha bir əlamətdar hadisə yaşandı. Belə ki, həmin gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında XXI əsrin uğurlu layihələrindən olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun təntənəli açılış mərasimi keçirildi. Qeyd edək ki, Avropanı Asiya ilə birləşdirən bu dəmir yolu bağlantısının yaradılmasında Azərbaycanın hərtərəfli dəstəyi mühüm rol oynayıb. BTQ-nin açılışında Orta Asiya ölkələrinin iştirakı bir daha göstərdi ki, bu, tarixi əhəmiyyətə malik bir layihədir. Azərbaycanın moderatorluğu ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür.

BTQ dəmir yolunun açılması təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də qlobal əhəmiyyətli tarixi hadisədir. Bu yol Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə çatır və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin böyük uzaqgörənliyi, siyasi iradəsi və zəhməti hesabına həyata keçirilən beynəlxalq layihələr kompleksinin tərkib hissəsi olmaqla, müstəqillik dövrü tariximizin ən mühüm hadisələrindən biridir. Azərbaycanın geridə qalan otuz bir illik müstəqillik tarixi milli dövlətçiliyimizin qüdrətlənməsi baxımından olduqca möhtəşəm uğurlarla zəngindir. Hələ 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" o illərdə Azərbaycanın müstəqilliyini və dünya birliyindəki yerini möhkəmləndirdi, ölkəmizin iqtisadi inkişafına rəvac verdi. Bu gün isə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr Azərbaycanı Cənubi Qafqazın liderinə, dünyanın sayılıb-seçilən dövlətinə çevirib. Hər yeni layihə müstəqil Azərbaycanın, təkcə regionda deyil, beynəlxalq arenadakı siyasi və iqtisadi çəkisini daha da artırır.

Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihənin Prezident İlham Əliyevin böyük siyasi iradəsi sayəsində uğurla reallaşması Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradır. Ən əsası bu dəmir yolunun açılması nəqliyyat sahəsinin inkişafında yeni mərhələnin başlanması demək idi. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verən BTQ dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla Avrasiyada ticarət-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük imkanlar verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24253,5 min ton, yük dövriyyəsi isə 6005,6 milyon ton-km olmuş, əvvəlki ilin eyni göstərici ilə müqayisədə müvafiq olaraq 19,3 faiz və 25,6 faiz artım müşahidə olunmuşdur.

BTQ dəmir yolu xətti Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin növbəti əyani sübutudur. Bu dəmir yolu yük və sərnişinləri Avropa və Asiyaya çatdırmaqla yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət edir, ölkəmizin və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini daha da yüksəldir. Beləliklə, bu dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır.

Bu gün regionun iqtisadi inkişafına xidmət edən xalqlar arasındakı bağları gücləndirməklə, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər yaradan Bakı-Tbilisi-Qars dəmir yolu regionda sabitliyə, iqtisadi inkişafa ən böyük töhfədir.

M.MİRZƏ,

"Respublika".