Regionda separatizm məhv edilib
Siyasət

Regionda separatizm məhv edilib

Dekabrın 6-da ADA Universitetində "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş beynəlxalq forum keçirilib. Forumda iştirak edən Prezident İlham Əliyev bir sıra vacib məsələlərə aydınlıq gətirib.

Ölkə başçımız bildirib ki, Azərbaycan Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyinə ümid edirdi: "Lakin təəssüflər olsun ki, orada hakimiyyəti bir növ inhisarçılığa götürmüş insanlar buna imkan vermədi. Bundan əlavə, sentyabr ayında iki hadisə baş verdi ki, bu, bizim üçün qırmızı xəttin keçməsi demək idi. Birincisi, Ermənistan baş nazirinin dırnaqarası "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyi münasibətilə təbriki, bu, tamamilə Ermənistan baş nazirinin dediyi və imzaladığı sənədlə ziddiyyət təşkil edirdi. Çünki ötən ilin oktyabrında Ermənistan və onun baş naziri rəsmi olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Bundan sonra eyni ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik məktubunun göndərilməsi tamamilə qəbuledilməz idi, bizim üçün və çox ziddiyyətli bir hərəkət idi".

Prezident İlham Əliyev, həmçinin separatçıların liderlərinin fəaliyyəti barədə də danışıb. Ölkə başçımız onların vaxtikən dövlətimizi hədələdiyini, indi isə Azərbaycanın ədliyyə sisteminin yekun qərarını gözlədiklərini diqqətə çatdırıb. Vəziyyəti əvvəldən sonadək təhlil etdikdə Azərbaycanın əslində qarşı tərəfə nə qədər güzəştə getdiyini görmək mümkündür. Hətta ölkəmiz separatçıların təslim olacağı təqdirdə, onlara amnistiyanın tətbiq olunacağını da bildirmişdi. Bütün bunların müqabilində pozucu qüvvələr yenə də prosesə mane oldu və Azərbaycan öz suverenliyini bərpa etmək istiqamətində işlərə başladı.

Bu ilin sentyabr ayında Qarabağ ərazisində həyata keçirilən antiterror tədbirləri tarixə qovuşmuş qondarma qurumun qorxulu röyasına çevrildi. Azərbaycan bu uğuru ilə regionda separatizmə son qoyan ölkə kimi tarixə düşdü. Antiterror tədbirlərinin keçirilməsində əsas səbəb Ermənistan tərəfinin öz mənfur siyasətindən əl çəkməməsi idi. Belə olduğu halda 24 saatlıq lokal antiterror tədbirlərinin keçirilməsi zərurəti yaranmışdı. Çünki tarixi zəfərimizdən 3 il keçməsinə baxmayaraq, İrəvan ipə-sapa yatmırdı. Azərbaycan nə qədər səy göstərsə də, təcavüzkar ölkə heç bir halda sülhə gəlmədi, üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu. Tarixin arxivinə gömülən xunta rejiminin tör-töküntüləri ərazilərimizdə müxtəlif təxribatlar törədir, öz çirkin əməllərini davam etdirirdi. Qarabağ bölgəsindəki keçmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ordumuzun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulurdu. Antiterror tədbirlərinə qədər bu artıq intensiv hal almışdı. Separatçılar nəinki Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini genişləndirir, hətta mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənən əraziləri və mülki təyinatlı yolları terror-təxribat məqsədilə yenidən minalayırdılar.

Peşəkarlıqla həyata keçirilən antiterror tədbirləri zamanı ərazidə mülki əhali hədəf götürülmədi, yalnız hərbi hədəfləri vuruldu. Nəticədə, Qarabağdakı xunta rejimi ağ bayraq qaldıraraq təslim oldu. Bu qələbə regionda, xüsusən də Qarabağda sülh quruculuğu prosesinin daha da sürətlənməsinə töhfə verdi. Azərbaycanın regionda separatizmə son qoyması eyni problemdən əziyyət çəkən dövlətlərə də stimul oldu.

Nəzrin ELDARQIZI,

"Respublika".