Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Mayın 23-də Moskvada Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov arasında görüş keçirilib.

Bu barədə Agentliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, görüşdə iki ölkə arasında turizm əlaqələrinin daimi genişlənməkdə olduğu, Azərbaycanın Moskvada turizm nümayəndələyinin açılması, qarşılıqlı turist axını, 5 mart 2024-cü il tarixində imzalanmış turizmə dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi”nin icrası üzrə həyata keçiriləcək işlər haqqında fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin “Şahdağ” Turizm Mərkəzinin timsalında Azərbaycandakı qış və dağ-xizək mərkəzləri ilə Rusiyanın aidiyyəti turizm müəssisələrinin əməkdaşlığı, turizm təhsili üzrə təcrübə mübadiləsi, ikili diplom proqramlarının yaradılması kimi məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.

"Respublika".