Cənubi Qafqazda əməkdaşlıq mərhələsi
Siyasət

Cənubi Qafqazda əməkdaşlıq mərhələsi

Cənubi Qafqaz əsrlər boyu müharibə və münaqişələrin məkanına çevrilib. Erməni millətçiləri Azərbaycan ərazilərinə sahib olmaq üçün hər cür vəhşiliklərə əl atıblar. Onlar tarix boyu Cənubi Qafqazda münaqişələrin müharibəyə çevrilməsinə və bu münaqişələrə bütün ölkələrin cəlb edilməsinə çalışıblar. Onların tək niyyəti Qafqazda yeni müharibə ocaqları yaratmaq olub.

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.

Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərinə təsadüf edir. XIX əsrin sonu - XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi davam etdirildi. Bu proses bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərdi. XX əsrin əvvəllərində erməni millətçiləri "Daşnaksütyun" partiyasının proqramında irəli sürülən "böyük Ermənistan" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətdi, əhali amansızlıqla qətlə yetirildi, şəhər və kəndlər yandırıldı və dağıdıldı. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoydu və on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşdülər. 200 mindən artıq azərbaycanlını uşaq, qadın, qoca fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə "Ermənistan dövləti"ni qurmaq məqsədilə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirildi. Mart qırğınından bizi bu gün 100 ildən çox vaxt ayırsa da, yaramız hələ də qaysaq bağlamayıb, əksinə, daha da böyüyüb. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırıldı, maddi-mədəniyyət nümunələri məhv edildi. 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürüldü. 1988-ci ildən başlayan hadisələrlə ermənilər beynəlxalq hüquq normalarına zidd olaraq Qarabağı özünə birləşdirmək istədi. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı hücumlar intensivləşərək kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın vəhşicəsinə ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün tarixi faktlar göstərir ki, ermənilər xalqımıza qarşı 2 əsr boyunca insan təfəkkürünə sığmayan ən ağır cinayətləri törədiblər.

Ermənistanın tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra vəziyyət kökündən dəyişdi. Ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla yanaşı, "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Azərbaycan Respublikasının Prezidenti 1997-ci il 18 dekabr tarixli Fərman verdi. Bu fərmanlar azərbaycanlılara qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin hərtərəfli tədqiq edilməsi, bu cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər hakimiyyəti boyu erməni diasporuna qarşı dayanma, onlara lazımi cavab verməyi vacib hesab edib. "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən Heydər Əliyev öz siyasəti ilə cəmiyyətimizin birliyinə və bütövlüyünə nail olub. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi o idi ki, konflikt beynəlxalq normalara uyğun olaraq nizama salınsın. Azərbaycan Heydər Əliyevin diplomatik bacarığı və səyləri ilə müsbət formada dəyişilməyə başladı. Dünyanın bütün demokratik dövlətləri və aparıcı beynəlxalq təşkilatları Azərbaycanın zorla cəlb edildiyi silahlı münaqişədə ölkəmizə qarşı düzgün mövqe tutmadıqlarını anlamağa başladılar.

Ulu Öndərin siyasi kursu 2003-cü il oktyabrın 15-dən Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 1992-ci ildən işğal altında qalan torpaqlarımız 28 il sonra cəmi 44 gün davam edən müharibə ilə öz doğma sahiblərinə qaytarıldı. Azərbaycan Ordusu qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu tarixi qələbə bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurlu siyasət aparıldığını bir daha sübut edir. Ali Baş Komandan, Prezident İlham Əliyev hakimiyyəti dövründə dəfələrlə torpaqlarımızın bir qarışının da düşmənə verilməyəcəyini, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmayacağını qətiyyətlə bəyan edib. "Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır". Bu sözləri ölkə başçımız Ağdamda səfərdə olarkən söyləyib.

Bu gün Qarabağın bütün guşələrində Azərbaycan bayrağı dalğalanır. Dövlətimizin başçısı Xankəndidə "böyük Ermənistan" adlı xəritəyə baxarkən qeyd etdi ki, onların ideologiyaları bütün qonşu ölkələrin ərazilərinə göz dikməkdən ibarət olub. Bir vaxtlar Xankəndidə oturub özünü müxtəlif vəzifələrə təyin edən Bakıda çay içəcəyini deyən təlxəklər indi istintaq təcridxanasında çay içirlər.

Röya RÜSTƏMLİ,

"Respublika".