Qürurla anırıq: Polkovnik-leytenant Şirin Mirzəyev
Sosial həyat

Qürurla anırıq: Polkovnik-leytenant Şirin Mirzəyev

Tariximizin qızıl  səhifəsidir hər şəhid ömrü. Qarabağ odlara qalananda, gülüstan çöllərimizə daşnak quldurlar göz dikəndə, ərazilərimiz atəşə tutulanda Vətənin say-seçmə oğulları silaha sarılıb odlu səngərlərə üz tutdular. Neçə-neçə nər, mərd oğullarımız torpaqların azadlığı uğrunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. İndi onların adı nəğmə kimi dodaqlarda gəzir. Həmin qəhrəman şahin və cəsur oğullardan biri də polkovnik-leytenant Şirin Mirzəyev olmuşdur.

Şirin Vəli oğlu Mirzəyev 5 yanvar 1947-ci ildə Qarabağ mahalında – Xankəndi şəhərində dünyaya göz açmışdır. Burada Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Bakıda yerləşən Daxili Qoşunlar alayında əsgəri xidmətini başa vurduqdan sonra  1967-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Ali Siyasi Hərbi Məktəbə  daxil olmuşdur. 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmış, təyinatla İrəvana göndərilmişdir. Beş il burada xidmət etdikdən sonra işini Bakıya dəyişdirmişdir.

Şirin Mirzəyev Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. O, Moskva Ali Siyasi Akademiyasına qəbul olmuş, 1988-ci ildə  oranı müvəffəqiyyətlə bitirmişdir. Ş.Mirzəyev bütün varlığı ilə yurduna bağlı bir insan idi. Gündən-günə  mətinləşən, püxtələşən və kamil birinə çevrilən qeyrətli vətən oğlu hərbi andına ömrü boyu sadiq qaldı, ən çətin anda ruhdan düşmədi, əqidəsinə arxa çevirmədi. 1991-ci ildə onu Ağdama gətirən də məhz Vətəninə, xalqına hədsiz sevgisi oldu. Ş.Mirzəyev əla xidmətlərinə görə dəfələrlə medal və döş nişanları ilə təltif edilmişdir. Rota komandirinin müavini,  batalyon komandirinin müavini, diviziya komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir.

Şirin Mirzəyev Qarabağ hadisələri başlayanda raport yazaraq döyüş bölgəsinə göndərilməsini xahiş etdi. O, ayrı-ayrılıqda fəaliyyət göstərən silahlı dəstələrin vahid komandanlıq altında birləşməsini istəyirdi. 9 oktyabr 1991-ci il tarixində o, Ağdam rayon ərazi özünümüdafiə taboruna komandir təyin edildi. Cəsur komandir qısa müddət ərzində ətrafına güclü döyüşçü kontingenti topladı. Polkovnik-leytenant rütbəsinəcən yüksələn igid komandir torpaqlarımızın hər qarışının müdafiəsi üçün əsl qəhrəmanlıq nümunəsi göstərir, şərəfli hərbçi adını ləyaqətlə qoruyurdu.

1992-ci il iyun ayının əvvəllərində komandanlıq tərəfindən böyük bir hərbi əməliyyat planı hazırlandı. Qoşun hissələri eyni vaxtda 3 istiqamətdən hücuma keçib düşməni geri oturtmalı idilər. Hücum əməliyyatını uğurla həyata keçirmək üçün güclü hərbi texnika, silah-sursat lazım idi. Taborun ixtiyarında olan döyüş vasitələri tələbatı ödəmirdi. Cəsur komandir bütün çətinliklərə baxmayaraq, öz dəstəsi ilə Xaçınçay boyunca irəliləyib, ilk həmləylə Qazançı kəndini düşməndən azad etdi. İgid komandir Şirin Mirzəyev əlavə plan hazırlayaraq iyunun 12-də Sirxavənd kəndini nəzarət altına alır.

Polkovnik-leytenant Şirin Mirzəyev orduda baş verən haqsızlığa dözə bilmirdi. Ona görə də ölkə rəhbəri ilə görüşmək, baş verən hadisələri onlarla bölüşmək üçün paytaxta gəlməyi qərara alır. Ancaq alayın döyüşçülərinin mənən sarsılmış, sınmış ruhunu bərpa etmək üçün bir qədər ləngiyir. 1992-ci il iyunun 18-də o, üç yaxın qohumu ilə  xidməti maşınına oturub Əlağalı kəndinə yollanır. Günortadan xeyli keçmişdi.  Vaxt ötürdü. Komandir sürücünü tələsdirirdi. Sanki ölümə tələsirdi. Sürətlə irəliləyən maşın düşmənin basdırdığı minaya düşür. O, öz canından əziz bildiyi Ağdam torpağında gözlərini əbədi yumur, dünyadan azadlıq aşiqi kimi köçür. Son mənzili Bakı şəhərindəki Şəhidlər Xiyabanı oldu. Gözləri cəbhə yollarına dikilmiş iki övladı yadigar qaldı.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə polkovnik-leytenant Şirin Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldü.

Qəhrəman hərbçi Şirin Mirzəyevin adı əbədiləşdirilmiş, Bakının Nizami rayonunda adına küçə verilmiş, xidmət etdiyi hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.

Qədir ASLAN,

“Respublika”.