Döyüş medalları təqdim olunub
Sosial həyat

Döyüş medalları təqdim olunub

Yevlaxda Vətən müharibəsində fərqlənən qazi və müharibə veteranlarına döyüş medallarının təqdim edilməsinə həsr edilmiş mərasim keçirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi Samir Qurbanovun iştirak etdiyi və çay süfrəsi arxasında, açıq dialoq şəklində təşkil edilən görüşdə müharibə iştirakçıları və qazilərlə səmimi söhbət aparılıb. Onların müraciət və təklifləri dinlənilib. Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev Vətən savaşı Azərbaycan hərbçisinin nəinki Qafqaz regionunda, həmçinin dünyada ən peşəkar, qətiyyətli döyüşçülərdən olduğunu sübut etdi. Eyni zamanda, bu qələbə Azərbaycan Silahlı Qüvvələrinin dünyanın güclü, yenilməz  orduları sırasında olduğunu göstərdi. Möhtərəm Prezidentimiz İlham Əliyev  Ordu quruculuğu siyasətini elə bir zirvəyə ucaltdı ki, artıq dünya bizim gücümüzlə hesablaşır. Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» tək Azərbaycana deyil, bütün Qafqaza sülh, ədalət, inkişaf gətirdi. Dövlətimizin başçısı tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını düşmən tapdağından azad etdi. Qazi və döyüşçülərə xitabən qeyd edildi ki, “Sizlər öz cəsarətinizlə Yevlaxın şərəf salnaməsini yaratmısınız”.

 Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi Samir Qurbanov düşmənə qarşı vuruşan döyüşçülərin  qalibiyyət əzminin onların yenilməzliyinin təməlində dayanan başlıca cəhət olduğunu bildirdilər.

Müharibə iştirakçıları və qazilər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.     

Zabit XƏLİLOV,

“Respublika”.