Vətən uğrunda
Sosial həyat

Vətən uğrunda

Vətən müharibəsi şanlı Qələbə tariximizin səhifəsinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz doğma el-obalarına qovuşdular. Bu möhtəşəm qələbəni, Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı, xalqımızın birliyi hesabına qazandıq. "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edən, bayrağımızı zirvələrdə dalğalandıran igidlərdən biri Vüsal Həsənovdur.

Vüsal Bayram oğlu Həsənov 17 mart 1986- ildə Göygöl rayonunda anadan olmuşdur. Atası Həsənov Bayram Aloş oğlu Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Birinci Qarabağ müharibəsi şəhididir.

 Vüsal 1992-2001-ci illərdə Göygöl şəhər 6 saylı tam orta məktəbdə təhsil almışdır. O, 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Həsənov 2020-ci il sentyabrın 27- Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Hərbi Komissarlığına çağırılmış Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılmışdır. O, Xocavəndin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə hərbi hissənin tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Vüsal Həsənov 16 noyabr 2020-ci ildə Göygöl şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vüsal Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.

Ailəli idi, 2 övladı yadigar qaldı.

Xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Əli SADIQOV,

"Respublika".