DÖVLƏT QAYĞISI GƏNCLƏR ÜÇÜN STİMULDUR
Sosial həyat

DÖVLƏT QAYĞISI GƏNCLƏR ÜÇÜN STİMULDUR

Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasəti mütərəqqiliyi ilə fərqlənir. Gənclərin yüksək diqqət və qayğı ilə əhatə edilməsi, eləcə də onların potensialından səmərəli istifadə olunması dövlət gənclər siyasətinin əsasını təşkil edir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.

Dövlət başçısının gənclərə qayğısı geniş və əhatəlidir. Bu, həm gənclərin təhsil almasında, həm onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərir. Dövlətin 5 il ərzində qəbul etdiyi 4 sosial islahat paketi həmçinin gənclərin də rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Bu gün uğurla aparılan sosial-iqtisadi islahatların, Dövlət proqramlarının, ölkə başçısının Fərman və sərəncamlarının icrasının nəticəsi olaraq gənclərin problemlərinin həlli də diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də  gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etməsidir. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirir. Belə ki, dövlət başçısının 2023-cü il üçün yeni sosial paketində ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilib. Eyni zamanda doktorantlara, ali təhsil, orta ixtisas və  peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik  edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə magistr səviyyəsi üzrə 91-100 bal olanlar üçün 195, 71-100 bal olanlar üçün 160, 51-100 bal olanlar üçün 110, bakalavr səviyyəsi üzrə 91-100 bal olanlar üçün 175, 71-100 bal olanlar üçün 145, 51-100 bal olanlar üçün 100 manat müəyyənləşib. Həmçinin orta ixtisas təhsil müəssisələri üzrə 91-100 bal olanlar üçün 100, 71-100 bal olanlar üçün 80, 51-100 bal olanlar üçün 60, peşə təhsili müəssisələri üzrə "5" olanlar üçün 100,  "4" və  "5" olanlar üçün 80, "3"- "5" olanlar üçün 66 manat təyin edilib. Onu da qeyd edək ki, yeni sosial islahat paketində doktorantların da təqaüdü artıb. Belə ki, elmlər doktoru hazırlığı üzrə 400, fəlsəfə doktoru hazırlığı üzrə 240 manat müəyyən olunub.

Bəli, bu gün cənab Prezidentin gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salır, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edir.

Dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında reallaşan son islahat paketi də gənclərin gələcək fəaliyyəti üçün əsl stimul olacaqdır.

Nurəngiz ADİLQIZI,

"Respublika".