Qurtuluşdan başlanan yolun Zəfər zirvəsi
Siyasət

Qurtuluşdan başlanan yolun Zəfər zirvəsi

15 iyun – Milli Qurtuluş Günü xalqımız üçün fəlakətlərdən qurtulub, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu əziz gündür. Bu müqəddəs günü bizə bəxş edib tarixə yazan isə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevdir. SSRİ dağılandan sonra müstəqillik uğrunda mübarizə aparan Azərbaycanda da xalq hərəkatı vüsət almışdı. Ölkəmizdə baş verən siyasi proseslər isə digər respublikalardan fərqli idi. Bir yandan hiyləgər qonşumuzun ərazi iddiası ilə apardığı müharibə, digər tərəfdən naşı, səriştəsiz ölkə rəhbərliyinin hakimiyyət hərisliyi xalqı uçuruma gətirib çıxarmışdı.

Müstəqilliyin ilk illərində xalqın iradəsinə zidd şəkildə iqtidara yiyələnən, dövlətçilik və siyasi idarəçiliklə bağlı baxışları son dərəcədə primitiv olan AXC-Müsavat, faktiki olaraq, Azərbaycanı taleyin ümidinə buraxmışdılar. Üstəlik, hakimiyyət uğrunda mübarizənin qanunsuz silahlı qruplaşmalar səviyyəsində aparılması ölkədəki siyasi, iqtisadi və mənəvi böhranı daha da dərinləşdirir, bədxah xarici qüvvələrin təsiri ilə etnik-milli münasibətlərin qızışdırılmasına, separatizm meyillərinə rəvac verir, vətəndaş müharibəsinə bir növ zəmin hazırlayırdı. Belə bir vəziyyətdə çıxış yolu axtaran Azərbaycan xalqı xilası yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Ümummilli Liderdən kömək istədi.

O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Ulu öndər Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır" - deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlandı. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş Günü kimi daxil olub. Bu tarixi gün 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib: "Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur".

1990-1993-cü illərdə Azərbaycan məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan cızılmışdı. Bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.

Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də tarixə "Əsrin müqaviləsi" kimi yazılan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.

Bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Heydər Əliyevin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik".

Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. "Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!".

Bu gün Şuşada, Laçında, Xankəndidə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qarabağ Zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Azərbaycan postmüharibə dövrünün gündəliyini diktə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Doğrudan da Qurtuluşdan başlanan yolun zirvəsi Zəfərimizdir.

Kamran BAYRAMOV,

Milli Məclisin deputatı.