Xankəndidə dövlət bayrağımızın ucaldılması tarixi hadisədir
Siyasət

Xankəndidə dövlət bayrağımızın ucaldılması tarixi hadisədir

Çoxəsrlik dövlətçilik tariximizin mühüm hadisələrindən biri 2023-cü il oktyabrın 15-nə təsadüf edir. Həmin gün qədim yurd yerimiz olan Xankəndidə Prezident İlham Əliyev tərəfindən Dövlət Bayrağı ucaldıldı. Xankəndidə çıxış edən dövlət başçısı bildirdi: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.

Üçrəngli bayrağımızın yenidən Xankəndidə dalğalanması tarixi ədalətin bərpası idi. 1991-ci ildə radikal erməni quldurları tərəfindən zəbt olunan Xankəndi nəhayət ki, hərbçilərimizin qanı və canı hesabına öz azadlığına qovuşdu. 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri bir daha göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.

İkinci Qarabağ müharibəsində torpaqlarının böyük bir hissəsini işğaldan azad edən Azərbaycan 2023-cü il Qarabağın dağlıq hissəsində lokal xarakterli antiterror tədbirləri keçirməklə suverenliyini tam bərpa edə bildi. Bu da 20 il öncə hakimiyyətə gələn Prezident seçdiyi İlham Əliyevin sözünə sadiq Lider olduğunun əməli sübutu idi. 2003-cü ildə Azərbaycan xalqının böyük etimad göstərərək Prezident seçdiyi İlham Əliyev vətəndaşlara müraciətində söz vermişdi ki, hər zaman Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcək və ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. 20 ilin tamamında verdiyi vədi yerinə yetirən ölkə rəhbəri Azərbaycan Bayrağını işğal altında olan bütün ərazilərdə qaldırdı. Burada ən vacib məqam odur ki, dövlətimiz bütün bu uğurlara öz gücü hesabına nail olub. Beynəlxalq ədaləti bərpa edən Azərbaycan həm də regiona yeni geosiyasi reallıqlar gətirib, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün zəmin yaradıb.

Əldə olunan nailiyyətlərin əsas səbəbi geridə qalan illər ərzində Azərbaycanın güclənməsi, dünya miqyasında özünə layiq yer tuta bilməsi oldu. Müharibəni qalib kimi başa vurmağımız dünyada dövlətimizə qarşı müsbət reputasiya qazandırdı. Bu səbəbdən də artıq Azərbaycanla hesablaşırlar. Respublikamızın mövqeyi, nəinki regionda, beynəlxalq aləmdə də böyük əks-səda doğurub, ölkəmiz önəmli təşəbbüslərə imza atıb.

Təbii ki, hər bir uğurun arxasında güclü iqtisadiyyatın olması əsasdır. Bu mənada son 20 ildə dörd dəfədən çox artan iqtisadiyyatımız müstəqilliyimizin və Ordumuzun gücləndirilməsində aparıcı rol oynamışdır. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının zənginliyi və əsgərlərimizin şücaəti sayəsində düşmənimiz ağ bayraq qaldırmağa artıq adətkar olub. Son 3 ildə bu hal 2 dəfə təkrarlanıb.

Qazandığımız Zəfərlər Azərbaycan xalqının, onun Ordusunun, Liderinin iradəsinin heç bir zaman əyilməz olduğunu bir daha dünyaya nümayiş etdirdi. Xankəndi, Ağdərə, Əsgəran və Xocalıda üçrəngli bayrağımızın ucaldılması tək Azərbaycanda deyil, bütün İslam-Türk dünyasında böyük sevinclə qarşılandı. Bəzi qərb dairələri və Ermənistan nə qədər çalışsa da, Azərbaycanın tarixi uğuruna kölgə sala bilmədi. Noyabrın 8-də Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın Xankəndidə keçirilməsi Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılması xəyallarını darmadağın edən tarixi hadisə oldu.

Musa BAĞIRLI,

“Respublika”.