Qubada sel sularından mühafizə məqsədilə bəndlər tikilir
Region

Qubada sel sularından mühafizə məqsədilə bəndlər tikilir

 Bölgələrdə əkin sahələrinin suvarılması mövsümü başa çatsa da, sel sularına və çay daşqınlarına qarşı mübarizə tədbirləri aktual olaraq qalır.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Odur ki, respublikamızın digər rayonları kimi, Qubada da rayon Suvarma Sistemləri İdarəsi tərəfindən torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülüb, suvarma şəbəkələri genişləndirilib, su sistemlərində təmir-bərpa işləri həyata keçirilib.

 Ölkəmizin ən iri meyvəçilik rayonlarından olan Qubada bol məhsul götürmək üçün suvarma suyuna böyük ehtiyac var. Uzun illər əkin sahələrini suvarmaq üçün təsərrüfat sahibləri torpaq arxlarla su aparmalı olurdular ki, bu da həm vaxt, həm də su itkisinə səbəb olurdu. Artıq rayonda bu problem həll edilmək üzrədir. Belə ki,  Quba Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən köhnə su kanalları yenilənir. Hazırda bu məqsədlə torpaq kanalların beton üzlüyə alınması işləri görülür.

 Su kanalların beton üzlüyə alınması ilə yanaşı, rayonda yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə çayların kənarında bəndlərin inşası da davam etdirilir. Hazırda rayon suvarma sistemləri idarəsi tərəfindən Qusarçay çayının Çartəpə kəndi ərazisindən keçən hissəsində bəndvurma işləri görülür. Bənd tikildikdən sonra çayın ətrafındakı ərazilər daşqın və sel sularından qorunacaq. Uzun illər sel təhlükəsindən əziyyət çəkən sakinlər də görülən işləri yüksək qiymətləndirirlər.

Qeyd edək ki, hazırda Quba rayonunda ümumilikdə 26 min 33 hektar suvarılan ərazi mövcuddur. Görülən meliorativ tədbirlər nəticəsində həmçinin sahələri suvarma suyu ilə təmin edən torpaq kanallar mütəmadi olaraq lil və kol-kosdan təmizlənir. Rayon Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, təmir planına uyğun olaraq gələcəkdə mərhələli şəkildə bütün torpaq kanallar beton kanallarla əvəz ediləcək. 

Nəriman  CAVADOV,

“Respublika”.