Siyasət

"Qoca qitə"nin yeni enerji xəritəsi

Ölkəmiz qlobal layihələrlə onun formalaşmasında mühüm rol oynayır

"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev öz çıxışında dünyanın bir sıra aktual məsələlərinə diqqət çəkib. Bu aktual məsələlərdən biri də Avropanın üzləşdiyi enerji təhlükəsizliyinin təminatı məsələsidir.

Rusiya-Ukrayna müharibəsi fonunda Avropa alternativ mənbələr axtarmağa başlayıb. Bu baxımdan Cənubi Qafqazın lideri  Azərbaycan əsas istiqamətlərdən birinə çevrilib. Azərbaycanın Avropanın qaz bazarına da daxil olması ilə ölkəmizin "qoca qitə"nin enerji təchizatındakı rolu bir qədər də artır. Bu, həm də regional və beynəlxalq miqyasda enerji xəritəsinin yenidən formalaşması deməkdir.

Azərbaycan öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaqla ölkənin davamlı inkişafı üçün mühüm bazis yaradıb, eyni zamanda beynəlxalq münasibətlərdə mühüm aktora çevrilməyə başlayıb. Dahi siyasətçi Heydər Əliyevin enerji strategiyasının bir hissəsi olaraq gerçəkləşən "Üç dənizin əfsanəsi" - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi və ulu öndərin bir neçə onilliklər üçün hesablanmış enerji siyasətinin uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycan nəinki Avropanın enerji təminatında mühüm rol oynayır, bu layihə, eyni zamanda, ölkəmizə böyük iqtisadi və siyasi dividendlər qazandırır.

Həyata keçirilən bütün layihələrdə ölkəmizin son dərəcə şəffaf şəkildə öhdəliklərini yerinə yetirməsi, etibarlı tərəfdaş imicini qoruması yeni əməkdaşlıq üçün geniş zəmin yaratmaqda davam edir. Qlobal müstəvidə Azərbaycanla siyasi, iqtisadi əlaqələr tərəfdaşlar tərəfindən də  məmnunluqla vurğulanır. Ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanması qeyd olunanların sübutu kimi təsdiqini tapır.

Azərbaycanın Avropa ölkələrinə qaz tədarükündə artım da müşahidə edilir. Belə ki, ötən il Avropaya  9,3 milyard kubmetr qaz ixrac olunub. Ölkəmiz bu il həcmi 12 milyard kubmetrə çatdırmaq niyyətindədir. Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış Strateji Enerji Tərəfdaşlığı haqqında Memoranduma uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan qazının Aİ bazarına tədarükünün iki dəfə artırılması planlaşdırılır. Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, bu ildən isə Rumıniyaya ixrac edilir. 2023-cü ilin sonuna qədər birləşdirici boru kəmərləri istifadəyə verildikdən sonra qazın Macarıstan və Slovakiyaya çatdırılması həyata keçiriləcək.

Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycan təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Prezident İlham Əliyev Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun aprelin 25-də imzalanması mərasimində deyib ki, Avropa ilə bir çox layihələr var: "Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq". Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Həmrəylik Halqasının reallaşmasında ölkəmiz həlledici rol oynayır. Həmrəylik Halqası ilə bağlı atılan addımlar, TAP layihəsindən sonra Prezident İlham Əliyevin apardığı enerji siyasətinin yeni bir səhifəsi deməkdir. Əgər TAP vasitəsilə Azərbaycan qazı Yunanıstan üzərindən keçməklə İtaliyanı əhatə edirdisə, bu yeni layihələrin icrası ilə Azərbaycan 10-dan artıq Avropa ölkəsinin enerji təminatına töhfə verəcək. Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan qaz yataqlarına sərmayələri artırıb. Avropada artan tələbatla əlaqədar Cənub Qaz Dəhlizinə daxil olan TANAP və TAP seqmentlərinin genişləndirilməsi gündəlikdə dayanan məsələdir. Belə ki, TANAP-ın 16 milyard kubmetrdən 32, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdə tutulub.

Ölkəmizin qaz ehtiyatları kifayət qədərdir.  Yaxın illərdə yeni yataqlarda hasilat gözlənilir. Amma infrastrukturun inkişafı, boruların buraxılış qabiliyyəti, eyni zamanda Avropa Birliyinə üzv ölkələr arasında interkonnektorların buraxılış qabiliyyəti Azərbaycan qazının daha çox ölkəyə ixracına imkan verəcək. Siyasi, iqtisadi cəhətdən etibarlı tərəfdaşlıq mövcuddur. Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişafı dövlət başçımızın geoiqtisadi siyasətinin mühüm istiqamətindən biridir. Ötən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu Saziş əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək və həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Nəticədə isə Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq. Azərbaycan Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişib, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.

Doğma Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması bərpaolunan enerji istehsalı baxımından Azərbaycan qarşısında geniş imkanlar açır. Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində həm Qarabağda, həm də Xəzər dənizində böyük potensialının olduğu Avropa İttifaqı tərəfindən də yüksək dəyərləndirilir. Artıq külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanmışdır. IX Qlobal Bakı Forumunda  ölkə başçısı  qeyd edib ki, indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. "Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası  Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar. Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir".

Mustafa KAMAL,

"Respublika".