Qlobal problemlərin həlli və Qoşulmama Hərəkatı
Siyasət

Qlobal problemlərin həlli və Qoşulmama Hərəkatı

Qoşulmama Hərəkatı heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı özündə birləşdirən mötəbər təsisatdır. Həmçinin BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı da hesab olunur. Hərəkata üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları hərbi və siyasi bloklara qarşı yaranıb.

Qoşulmama Hərəkatı təkcə üzv dövlətlərə yox, həm də qlobal problemlərin həllinə də öz töhfələrini verir. COVID-19 pandemiyası hərəkatın gündəmində ən başlıca yer tutur. Martın 2-də keçirilmiş COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı Prezident İlham Əliyev digər dövlət başçılarına son 3 ildə koronavirusla bağlı hesabatları açıqlayıb. Həmçinin dövlət başçımız Hərəkatın son bir neçə ildə beynəlxalq arenada mühüm aktorlardan biri olduğunu da vurğulayıb. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Biz bəzi varlı ölkələrin həyata keçirdiyi "peyvənd millətçiliyi"ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.

Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Pandemiya "2030: Davamlı İnkişaf Məqsədləri"nin icra olunmasına mənfi təsir edib. Bundan əlavə, hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir.

Bu məqsədlə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Mən Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıram".

Pandemiya ilə bir vaxta təsadüf edən mənfur düşməndən torpaqlarımızı xilasetmə zəfərimizi də Qoşulmama Hərəkatı öz növbəsində dəstəkləyib. Müharibə də pandemiya ilə bir gücə malik, ən çox insan tələfinə səbəb olan qlobal problemlərdən biridir. Qeyd edək ki, Hərəkat Gəncə, Bərdə, Ağdam, Mingəçevir kimi böyük şəhərlərimizə qəsdən edilən terror aktlarını da pisləyib və qınayıb. Bu isə 120 ölkənin Ermənistanı təcavüzkar dövlət kimi tanımasının bir nümunəsidir. Bununla yanaşı, Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə edib. Münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini də vurğulayıblar. Həmin dövrdə keçirilmiş Zirvə görüşü zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yekun Sənəd imzalanıb. Sənədə əsasən, dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayıb və təsdiq ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Bununla yanaşı, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcəklərini vurğulamışdılar.

Təəssüf ki, Qoşulmama Hərəkatına qarşı dəfələrlə qaralama kampaniyalarına əl atılıb. Yanvar ayında İrandakı səfirliyimizdə baş verən hadisə zamanı Azərbaycan bir çox təşkilat və hərəkatlara etiraz sənədi göndərmişdi. Lakin buna baxmayaraq, İran da öz mövqeyindən çəkinməyərək həmin yerlərə sanki heç bir günahının olmaması ilə bağlı sənəd hazırlayıb təqdim etmişdi. Hərəkatın 120 ölkəsindən cəmi 2 ölkəsi, Suriya və Hindistan İrana dəstək vermişdi. Səbəb olaraq isə guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olmuşdu. Halbuki, indiyədək Hərəkat bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib. Suriya və Hindistanın bu dəstəyinə cavab olaraq siyasi natiqlər açıqlayır ki, Hindistanın özünün işğala, təcavüzə və separatizmə açıq dəstək verən dövlət olduğunu ən azı Vətən müharibəsi zamanı dəfələrlə şahidi olduq. Həmçinin Hindistan öz ərazisində müsəlmanlara qarşı ən kəskin formada ayrı-seçkilik, terror cinayətləri həyata keçirən dövlətdir. Qoşulmama Hərəkatındakı bu davranışı ilə də Dehli əslində öz dövlət siyasətinə sadiq qalıb.

Suriya isə bu gün dünyada ən çox terror qruplaşmalarına evsahibliyi edən, Yaxın Şərqdə stabillik üçün təhdidlər yaradan dövlət, İranın isə ən yaxın terror ortağıdır. Bu mənada hər iki ölkənin Tehranın terror xislətinə dəstək verməsi gözlənilən olub. Hər üç dövlətin terror hadisəsini ört-basdır etmək cəhdləri pislənməli, Tehran, Dehli və Dəməşqə qarşı sanksiya və əlavə adekvat tədbirlərin tətbiqi mexanizmləri araşdırılmalıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".