Ekofəalların tələbləri yerinə yetirilməlidir
Digər xəbərlər

Ekofəalların tələbləri yerinə yetirilməlidir

Dekabrın 12-dən Laçın-Xankəndi yolunda başlayan aksiya artıq 81 gündür ki, öz qətiyyəti ilə davam edir. 2022-ci il dekabrın 3-də və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı.

Bütün bunların məntiqi nəticəsi kimi bir qrup ekofəal və QHT nümayəndələri Şərqi Zəngəzurda baş verən qanunsuzluqlara dərhal adekvat cavab verdilər. Əraziyə toplaşan aksiya iştirakçıları sülhməramlı kontingentin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etmişdilər. Həmçinin ekofəallar bildirmişdilər ki, problem həll olunana qədər burada qalacaqlar. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini ifadə edən şüarlar səsləndirməyə başlayıblar. Aksiya iştirakçıları "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ən böyük əsgər, bizim əsgər!", "Qarabağ Azərbaycandır!" və s. kimi  şüarlar səsləndiriblər.

Xatırladaq ki, ekofəalların böyük əzmi sayəsində Qarabağ iqtisadi rayonunun sərvətlərinin qanunsuz daşınmasının qarşısı alınıb. Aksiyaların başladığı ilk gündən etibarən dəhlizin humanitar məqsədlər üçün istifadəsinə heç bir maneçilik törədilməyib. 2022-ci il dekabrın 12-dən başlayaraq bu günə qədər minlərlə sülhməramlı kontingentə və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər maneəsiz hərəkət edir. Lakin Azərbaycanın qlobal enerji çağırışlarına cavab verən bir dövrdə, ətraf mühitin mühafizəsini ön planda tutan bir ölkədə ekoloji terrorun baş verməsi yolverilməzdir.

Ermənistan və onun himayədarları həmişə olduğu kimi, Şərqi Zəngəzurda baş verən hadisələrə "humanitar böhran" donu geyindirməyə çalışır. Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda Ermənistan baş naziri Nikol Paşinyan yenə də özünə yaraşan tərzdə aksiyanın hərəkət istiqamətini dəyişərək onun Qarabağ ermənilərinin blokadada saxlanılması üçün keçirildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikol Paşinyanın bu yanaşmasını əsaslı faktlarla təkzib edib və bildirib ki, "Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qızıl Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qızıl Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda, biz bunu necə blokada adlandıra bilərik?!"

Ermənistana ikinci tutarlı cavab fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsindən gəlib. "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar edən ermənilər bu qanunsuzluqla yanaşı, hələ Azərbaycan tərəfini də məhkəməyə vermişdi. Lakin Beynəlxalq Ədalət Məhkəməsi rəsmi İrəvanın  vəsatətini geri çevirib.

Qeyd edək ki, Şərqi Zəngəzurda fəaliyyət göstərən separatçı rejim humanitar yoldan sui-istifadə edərək həm Azərbaycanın sərvətlərini talan edir, həm də qanunsuz olaraq silahlanırdılar. Sülhməramlı kontingentin 10 noyabr Bəyanatından sonra bu ərazilərə gəlməsindən cəsarətlənən separatçılar xatırlamalıdırlar ki, onların fəaliyyət müddətinə sayılı illər qalıb və onlar bu əraziləri tərk edəndən sonra nə edəcəkləri barəsində yaxşı düşünməlidirlər.

Musa BAĞIRLI,

"Respublika".