ABŞ-Ermənistan hərbi əməkdaşlığı – məqsəd nədir
Siyasət

ABŞ-Ermənistan hərbi əməkdaşlığı – məqsəd nədir

Son zamanlar ABŞ və Ermənistan arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənir. Bu, hərbi sahədə daha çox nəzərə çarpır. Belə ki, aprelin 1-də Ermənistan Müdafiə Nazirliyi ABŞ hərbi təlimatçılarının ölkəyə gəldiyini açıqlayıb.

Xatırlatmaq yerinə düşər ki, son bir ildə amerikalı hərbi təlimçilər dəfələrlə Ermənistanda erməni hərbçilərə təlim keçiblər. Bununla yanaşı, ötən il dekabrın 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ müdafiə nazirinin müavini Laura Kuperlə görüşü baş tutub. Həmin görüşdə hərbi müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Erməni rəsmisi regionda sabitliyin təmin edilməsinin zəruriliyini qeyd edib: "İkitərəfli birgə proqramların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi apardıq, sülhməramlı fəaliyyət çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini vurğuladıq". Bu cür görüşlərdən sonra bir sıra maraqlı suallar ortaya çıxır. ABŞ Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməklə hansı məqsədləri güdür? Ermənistan regionda işğalçı ölkə kimi tanınır. Rəsmi İrəvanın 30 il müddətində torpaqlarımızı işğal altında saxlayıb. Hətta ölkənin konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiaları yer alıb. Bununla paralel, Qərb, xüsusilə ABŞ Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığın gücləndiyindən narahatdır. Belə olduğu təqdirdə başda ABŞ olmaqla Fransa, Hindistan kimi ermənipərəst dövlətlər rəsmi İrəvanın sülhə gəlməsinə mane olmağa çalışırlar. Bu gün rəsmi Vaşinqtonun Ermənistanla hərbi sahədə əlaqələrini şaxələndirməsi və erməni hərbçilərinə təlimlər keçirilməsində əsas məqsəd Ermənistan vasitəsilə region ölkələrini nəzarətdə saxlamaqdır. Şübhəsiz, ABŞ-ın bu planı da iflasa uğrayacaq. Çünki Ağ Ev regionun aparıcı dövlətləri olan Azərbaycan, Türkiyə və Rusiyanın hərbi gücünü unudur. Başqa sözlə desək, Ermənistan silahlı qüvvələri nə qədər hazırlıqlı olsalar da, Cənubi Qafqazın "məğlubedilməz üçlüyü"nə qarşı heç vaxt uğur qazana bilməyəcəklər. Əlavə olaraq, Vaşinqton bu cür addımlar atmaqla İrəvan vasitəsilə region ölkələrinin diqqətini yayındırmağa cəhd edir. Görünür, Ermənistan rəhbərliyi də bundan xəbərdardır, amma məsələyə heç bir münasibət bildirilmir. Çünki burada Qərb vasitəsilə Rusiyanın təsirindən çıxmaq xülyası var.

ABŞ-ın Ermənistanla hərbi sahədə əməkdaşlığını genişləndirməsinin digər bir səbəbi məhz Rusiya faktorudur. Vaşinqton bununla Ermənistanı Rusiyadan və Moskvanın rəhbərlik etdiyi KTMT-dən uzaqlaşdırmaq istəyir. Bir çox xarici siyasətçilərin fikrincə, Ermənistanın Qarabağdakı məğlubiyyətindən sonra rəsmi Moskvanı ittiham etməsi ABŞ-ın "Cənubi Qafqaz" planının icrası üçün əlverişli şərait yaradıb. Hazırda Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsinin hökm sürdüyünü və bir çox erməni diasporlarının məğlubiyyətə görə məsuliyyətin Rusiya üzərinə düşdüyünü iddia etdiyini nəzərə alsaq, Qərbin vəziyyətdən yararlandığını görmək mümkündür. Bir məqamı da qeyd edək ki, ABŞ-ın Hayastanla münasibətləri dərinləşdirməsi fonunda komanda və nəzarət sistemlərinə planlaşdırılmış müdaxilə Rusiya ilə Ermənistan arasında gərginliyi daha da artıra bilər.

Qərb Ermənistanı məhvə sürükləyir və onun Şərqi Avropada etdikləri bütün dünyaya məlumdur. Qərb dövlətləri Ukraynanı şirnikləndirməklə onu Rusiya ilə üz-üzə qoydular. İndi isə Ukraynanı meydanda tək qoyaraq geri çəkilirlər. Buradan Qərbin həm Kiyevin, həm də Şərqi Avropanın taleyi barədə düşünmədiyi özünü büruzə verir. Beləliklə, Qərb eyni ssenarini indi də Ermənistan vasitəsilə Cənubi Qafqazda oynamaq istəyir. Ermənistan baş naziri Nikol Paşinyan isə ABŞ-ın bu oyununun qurbanına çevrilir və Hayastanın ABŞ-ın "ipi ilə quyuya düşdüyü" öz təsdiqini tapır.

Nəzrin ELDARQIZI,

"Respublika".