İraqlı parlamentari: Azərbaycandakı seçkilər beynəlxalq standartlara uyğun keçirilib
Siyasət

İraqlı parlamentari: Azərbaycandakı seçkilər beynəlxalq standartlara uyğun keçirilib

Fevralın 8-də İraq parlamentinin müşahidə missiyasının Azərbaycandakı növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İraq parlamentinin Xarici əlaqələr şöbəsinin müdir müavini, nümayəndə heyətinin başçısı Cabbar Al-Kinani seçkilərdə çox ciddi şəkildə müşahidə apardıqlarını deyib.

Bir neçə seçki məntəqəsində olduqlarını bildirən Cabbar Al-Kinani vurğulayıb ki, seçkilər çox şəffaflıqla həyata keçirilib: "Azərbaycan xalqı çox rahat və asanlıqla seçki prosesində iştirak edirdi. Dəqiqliklə araşdırma apardıq, sorğu keçirdik. Seçkilərin beynəlxalq standartlara uyğun olduğunu gördük. İnkişaf etmiş ölkələrdəki seçkilərdən elə də fərqlənmirdi".

İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Həmid Al Zamili şəffaf, demokratik keçirilmiş seçkilərlə bağlı Azərbaycanı təbrik edib. Seçkilərin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirildiyini diqqətə çatdıran Həmid Al Zamili prosesin bundan sonra da müvəffəqiyyətlə davam etməsini arzulayıb.