Kolonializmin tabutunun sonuncu mismarları vurulur
Siyasət

Kolonializmin tabutunun sonuncu mismarları vurulur

Fransa dövlətinin neokolonist siyasəti hazırda bir çox dünya birliyini narahat edən məsələlərdən biridir. Xüsusilə bu siyasətin Qafqaza transfer edilməsi və Fransanın Ermənistan vasitəsilə regiona yerləşməsi cəhdləri Makron hakimiyyətinin xarici siyasətinin başlıca istiqamətlərindəndir. Bu, əlbəttə, avantüradır və baş tutası niyyət deyil. Dünyada artıq kolonializmin məhvə getdiyi və tabutunun sonuncu mismarlarının vurulduğu bir vaxtda Fransanın yenidən bu niyyətə düşməsi əlbəttə, onun özünün ifşası və bir dövlət kimi xarici siyasətinin iflası deməkdir.

Fransa son dövrlər ermənilərə qarşı olduqca həssas mövqe nümayiş etdirir və bu həssaslıq heç də Fransanın və prezidenti Makronun erməni xalqına böyük sevgisindən irəli gəlmir. Əslində onlar ermənilərin tarixən böyük dövlətlərin əlində alət olduqlarını yaxşı bilirlər və yenə də ermənilərdən bu yolla istifadə edərək Qafqaza gəlmək və xüsusilə də Zəngəzur dəhlizi məsələsində özlərinin nəzarətedici funksiyalarını icra etmək niyyətini güdürlər. Fransanın bu niyyəti açıq şəkildə uzun illər davam etmişdir.

Tarixə nəzər salsaq, Birinci Qarabağ müharibəsində də Fransada və yaxud Fransanın dəstəyi ilə üçüncü ölkədə hazırlanmış erməni quldur dəstələri məhz Azərbaycana qarşı işğalçılıq siyasətində iştirak etmişdilər. Makron hakimiyyəti vaxtında isə Fransanın birmənalı olaraq Ermənistanın mövqeyindən çıxış etməsi əlbəttə, bu dövlətin xoş niyyətindən xəbər vermir. Fransa uzun illər Minsk qrupunun həmsədri olaraq guya ki, Ermənistanla Azərbaycan arasında olan münaqişənin tənzimlənməsində rol almışdı. Amma əslində, Fransanın, eləcə də keçmiş Minsk qrupunun digər üzvlərinin də məqsədi prosesi illərlə uzadaraq Azərbaycanı fakt qarşısında qoymaq və yaranmış şəraitlə onu barışmağa məcbur etmək idi. Amma cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının göstərdiyi dirəniş, müqavimət və 2020-ci ildə 44 gündə apardığı qəhrəmanlıq mübarizəsi bu niyyətləri onların gözündə qoydu və Fransa artıq tamamilə oyundankənar bir vəziyyətə düşdü. Amma bununla barışmayan Fransa Ermənistanla separat danışıqlara, gizli sövdələşməyə gedərək yenidən danışıqlar masasında yer almaq üçün fəaliyyətə başladı. 2020-ci il müharibəsi Azərbaycanın qələbəsi ilə bitəndən sonra Makron bir neçə dəfə çoxtərəfli görüşlər təşkil etməyə cəhd etdi. Ancaq onların niyyətləri təmiz olmadığına, ədalətə və haqqa xidmət etmədiyinə görə cənab Prezident İlham Əliyev tərəfindən həmişə tənqid olunub, ifşa edildilər.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən və separatizmə tamamilə son qoyduqdan sonra isə Fransa açıq-aydın şəkildə Ermənistanı silahlandırmaq mövqeyini ortaya qoydu. Lakin Fransanın Ermənistana göndərdiyi silahlar, verdiyi dəstək heç bir nəticə verməyəcək. Erməni politoloqun da qeyd etdiyi kimi, o silahlar Ermənistana gəlib çatmamış Azərbaycan ordusu separatçıların və işğal niyyətinə düşmüş erməni silahlı qüvvələrinin dərs

ini verəcək.

Bu mənada həm də Fransanın son dövrlərdə aktivləşməsi Azərbaycanın getdikcə artan nüfuzuna güc qatan logistik mərkəzlərə öz təsirini göstərməkdir. Şübhəsiz ki, Zəngəzur dəhlizi Orta Dəhlizin önəmli bir hissəsidir və şərqdən qərbə, qərbdən şərqə gedən malların Zəngəzur dəhlizi üzərindən yola düşməsi bölgə dövlətlərinə böyük iqtisadi dividendlər gətirəcək. Şübhəsiz, Fransanın maraqlarından biri də bundan ibarətdir ki, Zəngəzur dəhlizi ya açılmasın, yaxud açılacaqsa da, Fransanın nəzarəti altına keçsin. Bir sözlə, Fransa Qafqaza yerləşərək buradan Türkiyə, İran və Rusiyaya öz təsirlərini göstərmək niyyəti güdür, boş xülyadan başqa bir şey deyil. Azərbaycan Qafqazda çox güclü bir dövlətdir, Azərbaycan və Türkiyənin razılığı olmadan heç bir layihə həyata keçməyəcək. Ermənilərin əgər ciddi, real bir siyasət yürütmək fikirləri varsa, onların həqiqətən də xilas yolu bölgədə əmin-amanlığa, sülhə və iqtisadi tərəqqiyə nail olmaq üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamalarıdır.                       

Musa URUD,

Milli Məclisin deputatı.