Sivilizasiyalararası münasibətlərin möhkəmlənməsinə önəmli töhfələr
Siyasət

Sivilizasiyalararası münasibətlərin möhkəmlənməsinə önəmli töhfələr

Ölkəmizdə dünyanın, o cümlədən bəşəriyyətin gələcəyi ilə bağlı son dərəcə önəmli və aktual məsələlərin müzakirəsinin aparılması, qlobal problemlərin həlli ilə bağlı vahid qərarların qəbul olunması artıq ənənə halını alıb. Bir növ Bakı dünyanın mərkəzi rolunda çıxış edir və bunu son illərin təcrübəsi də təsdiqləyir. Bu günlər paytaxtımızda daha bir mötəbər tədbir - "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Bakı Prosesi"nin tərkib hissəsidir. Mənəvi-mədəni dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyan bu təşəbbüs mədəniyyətlərarası dialoq sahəsində dünyada yeganə qlobal platformadır. Adından və məqsədindən də aydın olur ki, bu gün Azərbaycan dövləti, xüsusən də onun Prezidenti cənab İlham Əliyev dünyada dialoqa, qarşılıqlı anlaşmaya, sülh və təhlükəsizliyə nə qədər misilsiz töhfələr verir.

Görürük ki, indiyə kimi keçirilən forumlarda müxtəlif mövzular üzrə aparılan müzakirələr, yekun qərarlar, habelə imzalanan sənədlər beynəlxalq təsisatlar və dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb, xüsusən istinad mənbəyi rolunda çıxış edib. Odur ki, "Bakı Prosesi" mədəniyyətlərarası dialoq sahəsində ən mötəbər platforma statusunu qazanıb. Eləcə də bu, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoq məkanı olduğunu təbliğ edən mühüm vasitədir. Qürurla deyə bilərik ki, Azərbaycanda lap qədimdən müxtəlif xalqların və dinlərin nümayəndələri xoşbəxt və mehriban ailə kimi yaşayıblar. Burada qarşılıqlı hörmət və anlaşma prinsiplərinə söykənən birgəyaşayış mühiti hər zaman mövcud olub.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu da son dərəcə aktualdır. Dünyanın inkişafı, bəşəriyyətin xoşbəxt və firavan gələcəyi sülh və təhlükəsizlikdən keçir. Bunun üçün mədəniyyətlərarası sağlam ünsiyyət, qarşılıqlı etimad və anlaşma olduqca vacib məqamdır. Mən əminəm ki, burada aparılan müzakirələr, səslənən fikirlər və yekun qərar bu sahədə problemlərin aradan qaldırılması üçün xeyli faydalı olacaq.

Dövlətimizin başçısı çıxışında Azərbaycanın Qoşulmama hərəkatına sədrliyindən də bəhs etdi. Bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, Hərəkatın inkişafı, ən parlaq dövrü, təsir imkanlarının artması, söz sahibinə çevrilməsi məhz Azərbaycanın sədrliyi dövründə olub. İrəli sürdüyü təşəbbüslər, gördüyü işlərlə Azərbaycan bu təsisata yeni imic qazandırdı, məsələlərə haqlı yanaşma tərzi ortaya qoydu. Quruma sədrliyimiz ağır bir dönəmə təsadüf etdi, xəstəlik planetin hər yerində tüğyan edir, böyük fəsadlara yol açırdı. Belə mürəkkəb şəraitdə Azərbaycan sədr olaraq məsuliyyətlə davrandı, vacib və səmərəli təşəbbüslərlə çıxış etdi, xüsusilə dünyanı ədalətə səsləyərək peyvənd millətçiliyinə qarşı ləyaqətlə mübarizə apardı. Eləcə də beynəlxalq hüququn tələblərini pozan, ölkələrin daxili işlərinə qarışan, ədavət salan, separatizmə dəstək verənləri ifşa etdi, neokolonializmin çirkin siyasət olduğunu göstərdi. Təəssüflər olsun ki, hətta XXI əsrdə belə bu cür hallar yaşanır və bununla mübarizədə Azərbaycan dünyada haqlı mövqe ortaya qoyur və etiraz səsini ucaldır. Lakin insan hüquqlarından danışan, demokratiyanı əldə dəyənəyə çevirən bəzi dövlətlər və beynəlxalq təşkilatlar nədənsə hələ də bu mövzunun üzərindən sakit keçir, daha çox susqunluğa üstünlük verirlər. Utanmadan bəlkə də hər gün fərqli don geyindirdikləri, mahiyyətini dəyişdirərək gözdən saldıqları demokratiyadan, insan hüquqlarından danışmağa başlayırlar. Bütün bunlar ikili standart deyil, bəs nədir!?

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.