Siyasət

"Nikolsayağı" sərsəmləmə

Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında Azərbaycan əleyhinə səsləndirdiyi növbəti əsassız və sərsəm iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır. Baş nazirin cəfəng fikirlərinə görə, guya sərhəddə sakitliyi Azərbaycan tərəfi pozub. Lakin Nikol bir nüansı unudur ki, qarşı tərəfdən snayper silahı ilə atılan güllə məqsədli şəkildə bizim əsgərə tuşlanıb. O ki, qaldı erməni postunun darmadağın edilməsinə bu, gözlənilən idi. Çünki söhbət müstəqil, suveren Azərbaycanın sərhədinə hücum cəhdindən gedirdi. 5 aylıq sükutdan sonra fevralın 12-də sərhəddə sabitliyin pozulması Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsinin nəticəsidir. Həyata keçirilən cavab tədbirini qonşu dövlətin sərhəddə təcavüz kimi qiymətləndirməsi isə cəfəngiyyatdan başqa bir şey deyil. Çünki münaqişə bitəndən sonra Ermənistan dəfələrlə sərhəddə gərginliyi artırmış və təxribatçı hücumlara yol vermişdir. Bütün bunlar onu göstərir ki, natamam siyasət, yarımçıq diplomatiya, gülünc manevrlər, ikiüzlü münasibət bu dövlətin prinsipidir.

Görünür dəmir yumruğun zərbəsindən hələ də özünə gələ bilməyən Paşinyan hakimiyyətini 14 fevralda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlər lərzəyə salıb. "Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi". Çünki ötən ilin 19-20 sentyabr tarixində aparılan antiterror əməliyyatları bölgədən erməni separatizminin kökünü birdəfəlik kəsilməsi ilə nəticələnmişdir. Əlbəttə ki, bu da Ermənistanın bölgəyə müdaxilə etməsinə və qeyri-qanuni silahlı dəstələrin təxribatına son nöqtə idi. Sözsüz ki, Paşinyan hakimiyyəti bu acı həqiqətlə barışa bilmir. Digər tərəfdən də Fransa, Hindistandan aldığı silahları öz ölkəsində yerləşdirməkdə çətinlik çəkir. Belə olmasaydı, ölkənin əlində olan qəpik-quruşunu verib aldığı silahların böyük bir hissəsi oğurlanmazdı. O da məlumdur ki, baş nazir bir-birini təkzib edən fikirlər səsləndirməklə özünü gülünc duruma salır. Hazırda Ermənistan yenidən silahlanmaya cəhd göstərir. Fransa kimi dövlətlərin dəstəyi ilə sərhəddə gərginlik yaradır. Buna misal olaraq, ötən ay Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyerin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi əraziyə baş çəkməsini göstərə bilərik. Vilyam De Meyer Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə edib, ermənilər onu durumla bağlı məlumatlandırıblar. Əgər general mülki missiya ilə bağlı gəlmişdisə, sərhəddə niyə baş çəkir və yaxud da generalın mülki missiya ilə nə əlaqəsi?

Paşinyan bütün bu suallar qarşısında öz eyiblərini ört-basdır etmək üçün dünyanı çaşdırmağa çalışır. Digər tərəfdən, Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndi işğal altında saxladığını iddia etməsi isə onun siyasi səriştəsizliyindən və savadsızlığından irəli gəlir. Çünki əvvəlki bəyanatlarında 32 kəndin olduğunu söyləmişdi. Paşinyan bu fikri ilə eyni zamanda Azərbaycanın səkkiz kəndinin geri qaytarılması məsələsindən diqqəti yayındırmağa çalışır. Ermənistan tərəfindən bu cür fikirlər səsləndirilməsi, həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndi olan kommunikasiyaların açılması məsələsini də manipulyasiya etmək məqsədi daşıyır. Doğrudur, Paşinyan çıxışlarında Ermənistanın sülhsevər ölkə olduğunu və Azərbaycana qarşı normal münasibət göstərdiyinə inandırmaq istəsə də, amma reallıq və İrəvanın atdığı addımlar bunun əksini deyir.

Ümumiyyətlə, Ermənistan rəhbərliyinin qeyri-dəqiq mövqeyi açıq-aşkar sübut edir ki, işğalçı ölkənin danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şeyi ifadə etmir. Cari il yanvar ayının 16-da da baş nazir Nikol Paşinyan Vətəndaş Müqaviləsi partiyasının iclasında Azərbaycanın Ermənistana qarşı ərazi iddiası ilə çıxış etdiyini söyləmişdi. Bu da o məqam idi ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində İrəvanın qədim Azərbaycan torpağı olduğunu bildirmişdi. Hər zaman faktlarla danışan Azərbaycan dövlət başçısının nitqinə qonşu dövlət fərziyələrlə cavab verməli olur. Hazırkı durumda Ermənistan ikitərəfli oyun oynayır. Nə qərbin qanadlarından qopa, nə də ona xeyir gətirəcək sülh prosesindən əl çəkə bilir. Paşinyanın qeyri-adekvat davranışları onun ikiüzlü siyasətindən xəbər verir. Çünki hər dəfə baş nazirin cəfəng açıqlamalarından sonra sərhəddə hansısa gərginlik baş verir. Bu isə təsadüfə bənzəmir.

Ramidə YAQUBQIZI,

"Respublika".