Qərbin ermənipərəst mövqeyinin pərdəarxası
Siyasət

Qərbin ermənipərəst mövqeyinin pərdəarxası

Qərbin Ermənistana qarşı "canfəşanlığı" heç də həqiqəti ifadə etmir. Əslində, onlar bu yolla Azərbaycanın regionda formalaşdırdığı təhlükəsizlik mühitini birgəyaşayış imkanlarını təkzib etməyə və dövlətimizin apardığı humanizm siyasətinə qara yaxmağa çalışırlar.

Qarabağı öz arzusu ilə tərk edən insanların Qərb, xüsusilə də Fransa tərəfindən "qaçqın" adlandırılması cəhdi beynəlxalq hüquqa ziddir. Bu qüvvələr açıq şəkildə Azərbaycanın Qarabağ regionunda yaşayan erməni sakinlərin reinteqrasiyası üçün genişmiqyaslı fəaliyyətini təkzib edirlər. Fransanın təşəbbüsü ilə bir sıra dövlətlər oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında ölkəmizin əleyhinə birgə bəyanat verdilər. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəbləri ilə bağlı əsassız və şər-böhtan xarakterli iddialar yer alıb. Ən maraqlısı isə Qarabağdan Ermənistana köçən əhaliyə "qaçqın statusu"nun verilməsi ilə bağlı müddəadır. Sözsüz ki, aparılan anti-Azərbaycan təbliğatının kökündə ermənipərəst qüvvələrin qərəzi dayanır.

Onu da qeyd etmək lazımdır ki, Qarabağı tərk edən ermənilər sonradan gəlib məskunlaşmış və yaxud da bölgədə separatizmi təbliğ edən silahlı dəstələrin üzvləridir. Bu gün Qarabağ bölgəsində qalıb Azərbaycan vətəndaşlığını qəbul etmək və qanunvericilik şərtləri daxilində yaşamaq istəyən ermənilər bölgəni tərk etməyiblər. Tərk edən şəxslərə isə Qərbin "qayğı və məhəbbəti" sayəsində qaçqın statusu vermək heç bir qanuna sığmır. Yox əgər, Qərb və bütün ermənipərəst qüvvələr buna cəhd edirlərsə, o zaman, ötən əsrin sonlarında Qərbi Azərbaycandan didərgin salınmış 300 mindən çox azərbaycanlı haqqında da düşünsünlər. Öncə həmin qanun və statusları Qərbi azərbaycanlılara tətbiq etsinlər. Qarabağı könüllü şəkildə tərk edən erməniləri qaçqın adlandırmaq hansı məntiqə əsaslanırsa, onu izah etsinlər. Lokal xarakterli antiterror tədbirlərindən sonra etnik erməni əhalisi öz xoşu ilə Qarabağı tərk edibsə, onlar qaçqın yox, sadəcə, yaşayış yerini dəyişmiş miqrantdırlar. Qaçqın yalnız təhlükəli şərait yarandıqda yaşadığı ərazini məcburən tərk edən insanlara deyilir. Ermənilər isə könüllü şəkildə Qarabağı tərk ediblər. Dəqiq araşdırma aparsalar, məlum olacaq ki, qaçqın hesab etdikləri ermənilərin böyük əksəriyyətində Ermənistan pasportu var. O zaman Ermənistan pasportu olan insanları necə qaçqın adlandırmaq olar? Digər cəfəng və absurd fikirlərdən biri isə ondan ibarətdir ki, Ermənistan Qarabağdan guya 100 min insanın köçdüyünü iddia edir. Bu da həqiqəti əks etdirmir. Verilən məlumatlarda bildirilir ki, Qarabağdan gəlmiş 1143 nəfər yataqxana və ictimai mənzillərdə yaşayır.

Əlbəttə ki, bu ermənilərin böyük əksəriyyəti Qarabağ sakini deyil, işğal illərində qanunsuz məskunlaşdırılmış silahlı dəstə üzvləri və onların ailələridir. Digər tərəfdən, Qarabağı öz xoşu ilə tərk edən etnik ermənilərin qaçqın statusunu Ermənistan özü müəyyənləşdirmədiyi halda, Qərbin canfəşanlığının arxasında hansı məqsədlərin dayandığı aydındır. Azərbaycanın bu istiqamətdə atdığı addımlara gəlincə, Ermənistan üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmirdi. Qarabağda qanunsuz silahlı birləşmələr saxlayırdı. Bu mövzuda da beynəlxalq təşkilatlar susqunluq göstərir, heç bir reaksiya vermirdilər. Qərb, xüsusilə Fransa Ermənistan hökumətinə bir dəfə də olsun bildirmədi ki, Ermənistanın Azərbaycan ərazisində hərbi qüvvələri, qondarma hökuməti niyə olmalıdır? Bütün bunların fonunda Azərbaycan özü problemi həll etdiyi zaman həmin beynəlxalq təşkilatlar qərəzli mövqedən çıxış etməyə başladılar.

Azərbaycanın yürütdüyü dövlət siyasətinin prioritet istiqamətlərindən biri də humanizm prinsipidir. Dövlət başçımız dəfələrlə həmin insanlara təklif etmişdi ki, Qarabağı tərk etməsinlər və ölkəmizin qanunları çərçivəsində yaşamağa davam etsinlər. Bu gün Azərbaycan dünyada multikultural həyat tərzinə görə nümunəvi ölkə sayılır. Ermənilər də etnik azlıq kimi ölkəmizdə yaşaya bilərlər. Qarabağı öz arzusu ilə tərk edənlərin "qaçqın" statusu alması üçün təbliğat aparan Fransa görəsən, bu fəaliyyəti 30 il öz doğma yurd-yuvalarından didərgin düşmüş, öz torpağında soyqırımına məruz qalmış, ev-eşiyi dağıdılmış, minlərlə tarixi abidələri məhv edilmiş azərbaycanlılara münasibətdə niyə göstərmədi? Bu isə o deməkdir ki, Fransanın "qaçqın" statusu tələbi demokratiyanı "təbliğ etməyə" çalışan Qərbin mövqeyidir.

Ramidə YAQUBQIZI,

"Respublika".