Qərbi Azərbaycana qayıdış ədaləti bərpa edəcək
Siyasət

Qərbi Azərbaycana qayıdış ədaləti bərpa edəcək

"Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur… Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir". Bu fikirləri Prezident İlham Əliyev martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı səsləndirib.

"Türk düşmənçiliyi" ideyasını dövlət siyasətinə çevirən ermənilər tarixin müxtəlif dövrlərində əzəli torpaqlarımızda yaşayan soydaşlarımızı doğma yurdlarından zorla çıxararaq bu yerlərə sahiblənmişlər. Tarixən Azərbaycan ərazisi olan İrəvanda özlərinə dövlət quran mənfur qonşularımız rus imperiyasının əli ilə Azərbaycanın qərb hissəsində məskunlaşdıqdan sonra etnik təmizləmə siyasətinə başlamış, bu yerlərdə xalqımızın qədim tarixini, mədəni irsini silməyə, şəhərlərin, kəndlərin adlarını özününküləşdirməklə milli tərkibi dəyişməyə çalışmışlar. Müəyyən mənada istəklərinə nail olan alçaq niyyətli haylar Qərbi azərbaycanlıları yurd yerlərindən didərgin salmaqla mono dövlət yaratmışlar.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin əzəli Azərbaycan torpağı İrəvanı Ermənistana bağışlaması ilə dövlətçilik tariximizə qara səhifə yazılmış, xalqımız min bir müsibətlərə düçar olmuşdur. 1920-ci ildə Zəngəzur mahalının Ermənistana birləşdirilməsi bu tarixi faciənin növbəti mərhələsi idi ki, bu da Azərbaycanı Naxçıvandan və Türkiyədən ayırmağa hesablanmışdı. Xalqımıza qarşı davamlı xarakter alan cinayət əməlləri nəticəsində Qərbi Azərbaycanda yaşayan soydaşlarımız 1948-1953-cü illərdə də deportasiyaya məruz qalmışlar. Mərhələ-mərhələ reallaşdırılan etnik təmizləmə siyasəti növbəti dəfə 1988-ci ildə həyata keçirilmişdir. Belə ki, 80-ci illərin sonlarında erməni vandalizmi yenidən baş qaldırmış və İrəvanda yaşayan həmyerlilərimiz doğma yurd yerlərindən zor gücünə çıxarılmışlar.

Soyu, kökü bilinməyən erməniləri ölkəmizin qərb torpaqlarında yerləşdirən, zaman keçdikcə onları bu yerlərin sahiblərinə çevirən məlum qüvvələr bu gün də əməllərindən əl çəkmir, İkinci Qarabağ müharibəsində qalibiyyətimizlə barışa bilmirlər. Lakin qüdrətli, güclü, müstəqil Azərbaycan 44 günlük müharibədə qazandığı qələbədən sonra Qarabağın keçmiş məcburi köçkünlərinin tarixi torpaqlarına qayıdışını təmin etdiyi kimi, Qərbi azərbaycanlıların da vaxtilə zorla çıxarıldıqları doğma ocaqlarına geri dönmələri istiqamətində məqsədyönlü siyasət yürüdür. Hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşan, hər zaman sülhə, əmin-amanlığa, xalqların birgəyaşayışına böyük önəm verən dövlətimiz beynəlxalq hüququn norma və prinsipləri əsasında bu istiqamətdə mühüm işlər həyata keçirir. 30 illik işğala son qoyan İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü, 23 saatlıq antiterror tədbirlərində isə suverenliyini bərpa edən Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun həyata keçirdiyi siyasət nəticəsində ədalət zəfər çaldı. 20 faizdən çox hissəsi işğal edilmiş torpaqlarımız geri alındı. Qarabağın məcburi köçkünləri artıq əzəli yurd yerlərinə qayıdırlar. İndi isə yolumuz Qərbi Azərbaycanadır, qədim torpaqlarımıza qayıdışla tarixi ədaləti bərpa edəcəyik.

Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra fəaliyyət istiqaməti dəyişən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi bu gün Qərbi Azərbaycan İcması adlanır. Vaxtilə məhz azərbaycanlı olduqlarına görə ata-baba yurdlarından qovulan vətəndaşlarımızın və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə müdafiəsi, Ermənistan ərazisində xalqımıza məxsus mədəni irsin öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının, birgəyaşayışın təmin edilməsi istiqamətində iş aparan İcmada Qərbi Azərbaycanda mövcud olmuş tarixi və mədəni irsimizin nümunələrinin dəqiq siyahısı hazırlanır. Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə ölkə başçımız bu barədə demişdir: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar… Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Erməni "alimləri" sifarişlə Cənubi Qafqazın tarixi, ermənilərin bu yerlərdə aborigen olmaları ilə bağlı yalanlardan ibarət kitablar yazıb bütün dünyaya yaysalar da, tarix tarixliyini hər zaman sübuta yetirib. Məqsədli şəkildə torpaqlarımıza köçürülən ermənilərin bu tarixi silməsi, saxtalaşdırması isə mümkünsüzdür. Qərbi Azərbaycanın tarixi Azərbaycan torpaqları olduğunu, xalqımızın bu yerlərdə min illər boyu yaşadığını sübut edən kifayət qədər dəlillər, faktlar mövcuddur. Ölkə başçımızın düşünülmüş siyasəti, dəyişməz mövqeyi Qərbi Azərbaycana gedən yolları aydınladır. Haqq, ədalət mübarizi olan xalqımız daha bir arzusuna - Qərbi Azərbaycana qayıdışa doğru yol alıb.

Mehparə ƏLİYEVA,

"Respublika".