ABŞ Azərbaycanın strateji mövqeyi ilə barışdı
Siyasət

ABŞ Azərbaycanın strateji mövqeyi ilə barışdı

ABŞ-ın Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi son vaxtlar durğunlaşmaqda olan Vaşinqton-Bakı münasibətlərinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki ABŞ Dövlət katibinin müavini Ceyms O'Braynın son vaxtlar erməni lobbisindən aldığı təlimatlar əsasında anti-Azərbaycan mövqeyi sərgiləməsi iki dövlət arasındakı münasibətlərə xələl gətirib. Amma Qərb təmsilçisi təkcə erməni diasporunun təzyiqi altında rəsmi Bakıya qarşı demarş etməyib.

Vaşinqtonun son aylarda ölkəmizlə bağlı verdiyi diplomatik açıqlamaların arxasında dayanan əsas səbəb regional kommunikasiyaların açılması və onlara kimin nəzarət etməsi məsələsidir. Məlumdur ki, 44 günlük müharibədən sonra imzalanan üçtərəfli Bəyanatın doqquzuncu bəndinə əsasən Ermənistan Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək quru yolunun açılmasına, eləcə də ərazisindən Zəngəzur dəhlizinin keçməsinə razılıq vermişdi. Əvvəlki plana görə, dəhlizin təhlükəsizliyinə məsuliyyəti Rusiya Federal Təhlükəsizlik Xidməti daşıyırdı. Moskvanın Cənubi Qafqazdakı kommunikasiyalara nəzarət etməsi isə Qərbi narahat etməyə bilməzdi. Elə buna görə də, Birləşmiş Ştatlar və Avropa İttifaqı ölkələri Paşinyan hökumətinə daha çox təzyiq göstərməyə başladılar. Son bir il ərzində Ermənistandakı Qərb institutlarının İrəvanın suverenliyi barədə verdiyi bəyanatların arxasında məhz bu dayanırdı. Azərbaycan İran ərazisindən alternativ dəhlizin keçməsi ilə bağlı ilkin addımlar atdıqdan sonra isə Qərb daha da aktivləşdi. Çünki onlar anladılar ki, dəhlizin İrandan keçməsi qoca qitənin geoiqtisadi və geosiyasi maraqlarına ziddir. Noyabrın 16-da Konqresdəki dinləmələrdə dövlət katibinin köməkçisi Ceyms O'Braynın Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi və rəsmi Bakını sanksiyalarla hədələməsinin pərdəarxasında da bu dayanırdı.

Amma indi Blinkenin İlham Əliyevə zəng vurması və münasibətlərin bərpa edilməsinə dair təşəbbüsün Ağ Evdən gəlməsi onu sübut edir ki, kollektiv Qərb Qafqazın açar ölkəsinin Azərbaycan olduğunu anlayıb. Üstəlik, onu da dərk edib ki, ölkəmiz Mərkəzi Asiyaya açılan yoldur. Çünki sözügedən region ilə əlaqə ya İran, ya Rusiya vasitəsilə qurulmalıdır. Amma hazırkı geosiyasi situasiya fonunda həm rəsmi Tehranın, həm də Moskvanın Qərblə münasibətləri kəskin şəkildə pisləşib. Hətta deyə bilərik ki, onlar arasında diplomatik gərginlik yaşanır. Bu məqamda, Azərbaycanın alternativ ölkə kimi önəmi artır. Hazırda Qərblə Şərqin arasında hansısa strateji nəqliyyat dəhlizinin, yolun açılması Azərbaycansız mümkün deyil. Odur ki, bundan sonra ABŞ hər cəhdlə çalışacaq ki, rəsmi Bakı ilə münasibətlərini normallaşdırsın. Çünki ultimatum, təzyiq və yaxud da şantaj dili ilə heç nəyə nail olmaq mümkün deyil.

Münasibətlərin bundan sonra necə inkişaf edəcəyinə gələndə isə deyə bilərəm ki, hər şey Vaşinqtonun mövqeyindən asılı olacaq. Əgər Ağ Ev müsbət addımlar atacaqsa, ölkə başçımız adekvat cavab verəcək. Biz artıq bunun nümunəsini görmüşük. Blinken İlham Əliyevdən münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Dövlət başçımız həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a gediş-gəlişinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Vaşinqton rəsmisi bunu qəbul edib. Deməli, Birləşmiş Ştatlar münasibətlərin normallaşdırılmasında konstruktiv mövqedədir.

Amma əgər bundan sonra ABŞ-dan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü sual altında qoyan açıqlamalar gəlməkdə davam edərsə, bu, rəsmi Bakının sərt tədbirlər görməsi ilə nəticələnəcək. Prosesin bu şəkildə inkişafı isə Qərbin regionda iqtisadi və siyasi fəaliyyətini məhdudlaşdıracaq, dövlət maraqlarına zərbə vuracaq.

Tural ƏLİYEV,

siyasi şərhçi.