Qərbi Azərbaycan məsələsi ümummilli olmaqla bütöv Azərbaycan yoludur
Digər xəbərlər

Qərbi Azərbaycan məsələsi ümummilli olmaqla bütöv Azərbaycan yoludur

Ötən il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalı nümayəndəsi ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev genişməzmunlu çıxışında bildirmişdir ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları və uşaqları tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Tarixin müxtəlif dövrlərində ermənilər əsrlər boyu öz tarixi dədə-baba torpaqlarında yaşayan azərbaycanlıları deportasiyaya məruz qoymuşlar. Soydaşlarımızın doğma yurd yerlərindən zorla çıxarılması bir neçə mərhələdə həyata keçirilmişdir. Birincisi 1905-1906-cı illər ermənilərin azərbaycanlıların yaşadıqları məntəqələrə hücum illəri, 1915-1961-ci illər xaricdən gələn silahlı erməni dəstələri ilə yerli silahlı dəstələrin azərbaycanlılar yaşayan ərazilərə hücumları nəticəsində qırğınların törədilməsi və onların kütləvi şəkildə Qərbi Azərbaycandan çıxarılması, 1918-1920-ci illərdə bir çox bölgələrin azərbaycanlılardan təmizlənməsi nəticəsində kompakt boş ərazilərin yaradılması, 1929-1932-ci kollektivləşmə illərindəki həbslər, təqiblər, sürgünlər və beləliklə, ölkəni tərketmə halları, 1937-1938-ci illər qanlı repressiya, 1948-1953-cü illərdə qəddar deportasiya siyasəti, 1965-ci il ilk dəfə "erməni soyqırımı" qondarma oyunu və azərbaycanlılara təzyiq və nəhayət, 1988-1991-ci son deportasiya illəri. Bu illər barədə mərhələlərlə daha ciddi işlərin görülməsinə, tədqiqatların aparılmasına ehtiyac var. Bu işlərin görülməsi qayıdış planımıza təkan verən amillərdən biri olacaq.

Qondarma Ermənistanda yalnız erməni dilində ali təhsil ala bilərdik. Bu isə azərbaycandilli məktəblər üçün yararlı deyildi. Deməli, Azərbaycana getmək lazım idi. Azərbaycanda təhsil alan gənclərin isə cəmi 2-5 faizi geri qayıdırdı. Azərbaycanlıların sayı bu yolla azaldılırdı. Biz bu "dinc" dövrü də işləməli və araşdırmalıyıq. Ermənistandan tələb etməliyik ki, öz vətəndaşları olan azərbaycanlıları geri çağırıb onların məskunlaşmalarını təmin etsinlər. Qərbi Azərbaycana qayıdış məsələsinə toxunarkən cənab Prezident bildirdi ki, vətəndaşlarımızın Qərbi Azərbaycandan məcburiyyət qarşısında tərk etdikləri evlərin çoxu boşdur. Biz məhz həmin boş evlərə qayıtmaq istəyirik. Bu isə o, deməkdir ki, ermənilərin faktiki yaşadıqları evlərə, kəndlərə iddiamız yoxdur. Buradan gedən ermənilərin də eyni istəyi ola bilər. Biz bu oxşar yanaşmaya hazırıq. Sadəcə, bizdə ermənilərin evlərindən boş olanı yoxdur. Çünki onlar evlərini İrəvan və ətraf rayonlara dəyişiblər. Cənab Prezidentin ilkin mərhələ üçün "boş evlərə qayıdış" şəklində məsələni qoyması bu istiqamətdə strateji yanaşmanın milli maraqlara uyğun dərin təhlilindən xəbər verir. Azərbaycanlıların tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiyadan əvvəl yaşadıqları məntəqələrin sayı 170-dən çox idi və bu kəndlərdə ancaq azərbaycanlılar yaşayırdı. Ümumilikdə, İrəvanda 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. 1988-ci ildə dədə-baba torpaqlarından çıxarılmış və bu zaman 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, minlərlə ailənin daşınan əmlaklarının xeyli hissəsi ermənilər tərəfindən yağmalanmış, daşınmaz əmlaklarımızın əsas hissəsi əvəzi ödənilmədən, yaxud dəyişdirilmədən ermənilərə qalmışdır. Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdə ölkə başçısı qeyd etmişdir ki, bizim tarixi həqiqətlərlə bağlı görəcəyimiz işlər çoxdur. Dövlət səviyyəsində iş aparılmalı və bu torpaqlara Qayıdış üçün Konsepsiya hazırlanmalıdır. İldə bir və ya iki dəfə Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilməlidir. Dost ölkələrdən arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək və bu mövzu beynəlxalq gündəliyə daxil edilsin. Qeyd edim ki, biz həm də Qərbi Azərbaycanda təhsil, mədəniyyət ocaqlarımızı, yer adlarımızı, mətbu orqanlarımızı yaşatmaqla haylara "unutmamışıq" mesajını verməliyik. Məsələn, İrəvan Pedaqoji Texnikumu, İrəvan Kənd Təsərrüfatı Texnikumu, İrəvan Pedaqoji İnstitutu, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Uluxanlı məktəbi, "Zəngi" qəzeti, "Rəncbər" qəzeti və s. Bu adların yaşaması çox ciddi bir məsələdir və düşünürəm ki, bu yanaşma əslində ciddi siyasi tərəfi olan gedişlərdir. Belə ki, 1991-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda "Zəngi" dövlət müəssisəsi, bir il sonra isə "Zəngi" liseyinin yaradılması əzəli torpaqlarımızda Azərbaycan adlarının yaşadılması yönündə görülən mühüm işlərdəndir. Bu gün "Zəngi" liseyinin çoxsaylı məzunları xarici ölkələrdə təhsil alır, oranı bitirmiş elm adamları, müxtəlif peşə sahibləri dünyanın bir çox ölkəsində fəaliyyət göstərirlər. Onu da qeyd edim ki, İrəvandan, bütövlükdə Qərbi Azərbaycandan köçürülən bir çox təhsil müəssisələrimizi yaşada bilmədik. Ancaq ümidvaram ki, vaxtilə Qərbi Azərbaycanda fəaliyyət göstərmiş təhsil müəssisələri, mədəniyyət idarələri yenidən o torpaqlarda yaradılacaq və öz fəaliyyətlərini davam etdirəcəkdir.

Bu gün Qarabağımızın, o cümlədən 30 ilə yaxın dövrdə işğal altında olan torpaqlarımızın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və bu, Azərbaycan tarixində əbədi qalacaq. Qazanılan qələbələr həm də gələcək uğurlarımız üçün zəmin yaradır. Bu həm qayıdış, həm də təhlükəsizlik baxımından çox böyük önəm daşıyır. Ermənistanın baş naziri Paşinyan sülh danışıqları zamanı 29800 kv.km. Ermənistan ərazisinin tanınmasını istəyir. Əslində, Ermənistanın 29800 kv.km. "ərazisinin" Azərbaycan tərəfindən tanınması 1918-1988-ci illərdə Ermənistana verilən torpaqların qaytarılmamasına nöqtə qoyulması məqsədi güdür. Bu isə Azərbaycan üçün qırmızı xətt deməkdir. Qərbi azərbaycanlılar məsələsi isə bu gün dövlətimizin siyasətində öndə olan məsələdir.

İkinci Qarabağ müharibəsində hamı qarabağlı idi. İndi isə Qərbi azərbaycanlı olmalıyıq. Biz Qərbi Azərbaycana, tarixi haqqımız olan, əlimizdən zorla alınan Vətənimizə dönmək arzusu ilə yaşayırıq. Göyçəyə, Zəngəzura, Zəngibasara, İrəvana qayıtmalıyıq və bu, bizim mənəvi haqqımızdır.

Mirfaiq MİRHEYDƏRLİ,

Xətai rayonu 138 saylı məktəbin

direktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü,

riyaziyyat üzrə fəlsəfə doktoru.