Qərbi Azərbaycan İcmasında görüşlər
Sosial həyat

Qərbi Azərbaycan İcmasında görüşlər

Bakıda keçirilən "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfrans çərçivəsində Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, millət vəkili Zafer Sırakaya Efiopiya parlamentinin deputatı, xarici əlaqələr alt-komissiyasının sədri Təvfik Abdullahi Əhməd, "Əlcəzair-2" Universitetinin professoru Şakib Benhafri ilə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli arasında görüş keçirilib.

Ə.Ələkbərli qonaqlara Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması, Qərbi Azərbaycan İcması və onun sələfi - 1989-cu ildə təsis edilmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib.

Bildirilib ki İcma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, UNESCO, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığı daxil olmaqla, beynəlxalq aləmdə insan hüquqları və humanitar məsələlər sahəsində bütün mötəbər qurumlarla dialoq və əməkdaşlıq qurub. Türkiyənin bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də Azərbaycana daim dəstək verdiyi vurğulanıb.

***

Bakı şəhərində təşkil edilən beynəlxalq konfrans çərçivəsində tədbirə gələn qonaqlarla İcma üzvləri arasında ikitərəfli görüşlər keçirilir.

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyi sədrinin müavini, Milli Məclisin deputatı Kamal Cəfərovla İordaniya Nazirlər Kabinetinin media müşaviri Mohammed Salah Al Malkavi, Albaniyanın Tirana Jurnalistika Mükəmməllik Mərkəzinin icraçı direktoru Krisafi Ledion ilə arasında keçirilən görüşdə son 200 il ərzində soydaşlarımızın üzləşdiyi müsibətlər barədə məlumat verilib.

Görüşdə indiki Ermənistan ərazisindən 300 minə yaxın Qərbi azərbaycanlının çıxarılmasının və onların hələ də geri qayıda bilməməsinin beynəlxalq norma və prinsiplərlə daban-dabana zidd olduğu qeyd edilib.

***

İcma sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən Pakistanın Ortaq Gələcəyə Malik İcması naminə Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəmlə  və Beynəlxalq İranşünaslıq Mərkəzinin Tədqiqat üzrə direktoru, istefada olan general-mayor Əhməd Əl-Maimoni ilə görüşüb.

Qonaqlara soydaşlarımızın geri qayıdış hüququnun təmin olunması istiqamətində aparılan işlər barədə məlumat verilib. Qeyd olunub ki, 1987-1991-ci illərdə öz evlərindən zorla çıxarılan Qərbi azərbaycanlılar 35 ildir öz evlərinə qayıda, doğmalarının məzarlarını ziyarət edə bilmirlər.

Yüz minlərlə Qərbi azərbaycanlının bu taleyi paylaşdığı vurğulanıb.

Bunun insanlıq əleyhinə cinayət olduğunu bildirib, bu haqsızlığın aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.