Qəhrəmanlıq tariximizi yazan oğullar
Sosial həyat

Qəhrəmanlıq tariximizi yazan oğullar

Vətən, torpaq naminə öz qanı bahasına dastan yazan ölməz qəhrəmanlarımızdan biri də Qalib Habil oğlu Nuruzadədir. İgidliyi, mərdliyi ilə Azərbaycan xalqının ürəyində yer alan Qalib 1996-cı ildə Lənkəranın ucqar dağ kəndi olan Gəgiranda dünyaya gəlib. O, həqiqi hərbi xidmətini 2014-2016-cı illərdə Tərtərdə keçib. Qalib yağı düşmənlə başlanan haqq savaşımızın ilk günündən Füzuli, Zəngilan, Şuşa istiqamətlərində şiddətli döyüşlərdə şücaət göstərib. Daşaltı kəndində ağır müharibə meydanında şəhid olan igid döyüşçü ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Zəngilanın, Füzulinin, Şuşanın azad olunmasına görə medallarına layiq görülüb.

Qəhrəmanlıq tariximizə adını yazan şəhid Qalib Habil oğlunun anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri onun uyuduğu məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət  zamanı qayğı və problemlərini öyrəndikdən sonra onu da bildirib ki, Vətən uğrunda şəhid olmaq ölməzliyə qovuşmaq deməkdir. Qərinələr ötsə belə, onlar heç vaxt xalq tərəfindən unudulmur, hər gələn nəsillərə keçdikləri şərəfli ömür yolları örnək göstərilir. Bizim Qabil də belə. Bəli, indi Qabil təkcə qohumlarına deyil, bütün Azərbaycan xalqına əzizdir.

Zəfər ORUCOĞLU.