Qəhrəman gəncləri olan Vətən yenilməz
Sosial həyat

Qəhrəman gəncləri olan Vətən yenilməz

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin kökündə duran əsas məqam gənclərimizin vətən sevgisi ilə bağlı idi. Düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan təmizlədi. Onlar vətənpərvərlik və fədakarlıq, qəhrəmanlıq göstərərək canlarından keçdilər, şəhid, qazi oldular və tarixi ədaləti bərpa etdilər.

Prezident cənab İlham Əliyevin bildirdiyi kimi, "Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi. Bu Qələbədə yəni bütün nəsillərdən olan vətəndaşların böyük zəhməti oldu. Amma əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ, Vətən, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar".

Dövlət başçısı hər bir çıxışında Böyük Zəfərimizi şərtləndirən amillər sırasında gənclərimizin Vətənə, torpağa bağlılığını xüsusi qeyd edir. Uzun illər Müzəffər Ali Baş Komandan İlham Əliyevdən "İrəli!" əmrini gözləyən Azərbaycan əsgərinin 44 gündə yazdığı şanlı tarix gücünü, qüdrətini dünyaya nümayiş etdirdi.

Torpaq, ana, Vətən sevgisindən hə

yatda görəsən əzəli nəsə varmı? Bu sevgi sanki doğulduğumuz, həyata göz açdığımız gündən ana südü ilə qanımıza hopur, bütün ömrü boyu bizimlə olur. Bu sevgi müqəddəs bir sevgidir. Hər bir qeyrətli Vətən övladı bu sevgiyə son anına qədər sadiq qalır. Lazım gələndə bu yolda şirin canından belə keçməyi bacaranlar isə əbədiyyətə qovuşurlar.

Vətən müharibəsi göstərdi ki, bu gün Azərbaycan ordusunda Mübariz ürəkli, Mübariz cəsarətli minlərlə Vətən övladları var. Onun ruhu həmişə bizimlədir.

On il sonra 2020-ci ildə Böyük Zəfərlə bitən Vətən müharibəsində Qəhrəmanlığın yaşı isə 19 idi. Əslən Qubadlının Yusifbəyli kəndindən olan Vüsal Yaqubov. O, Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Füzulidən Şuşaya kimi iştirak edib. Döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin 20-yə yaxın canlı qüvvəsinin işğaldan azad edilmiş Xocalı rayonunun Sığnaq kəndinə daxil olmasına imkan verməyib. Vüsal döyüş meydanında ölümü gözə alaraq həmin vaxt düşmənin xüsusi təyinatlı alayı ilə təkbaşına döyüşdüyünə görə 19 yaşında "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Vüsal Xocavəndin Böyük Tağlar kəndində yaralansa da bir an da döyüşü dayandırmayaraq yaralı halda həmin kəndə üçrəngli bayrağımızı sancıb.

Şuşanı azad edən gənclərimizin qəhrəmanlığını sözlə ifadə etmək mümkünsüzdür. Vətən müharibəsi bitdikdən sonra Şuşada döyüş əməliyyatlarında iştirak etmiş hərbçilərin döyüş təəssüratlarını sosial şəbəkələrdən maraqla izlədiyim İqbal Səfərovun xatirələri yaddaşımda dərin iz buraxıb: "Ən çətin maneəmiz aramsız yağan yağışlar, ən böyük üstünlüyümüz isə qorxusuz olmağımız idi... Sulu paltarlarla şaxtalı havada yatmalı olurduq. Tüstü bizi ələ verər deyə, ocaq da qalaya bilmirdik. Yəqin ki, ömrümün sonuna kimi Şuşada yağan yağışı və iliyimə qədər işləyən soyuğu unutmayacağam... Ancaq Vətən sevgisi bütün maneələri dəf etdi və biz nəhayət ki, Şuşa uğrunda döyüşmək şərəfinə nail olduq. Səndən yuxarıda güllələrin sənə tuşlandığını bilə-bilə dağa dırmanmağın, silah-sursatınla bərabər yaralı dostunu da özünlə bərabər qaldırmağın, onun öləcəyini bildiyin halda ona da son dəqiqələrində Şuşanı görmək şərəfini, sevincini yaşatmağa çalışmağın başqa bir adı olmalıdır. Bu hissi, bu duyğunu ifadə edəcək elə bir sözün lüğətimizdə olduğuna əmin deyiləm".

Bəli, vətənpərvərlik təkcə sözdə "Vətəni, torpağı sevirəm" demək deyil. Əsl vətənpərvər olmaq üçün bütün varlığınla, qanınla, canınla torpağa, yurda bağlı olmalısan, bu yolda şirin canından keçməyi bacarmalısan.

M.MİRZƏ,

"Respublika".