Qazaxıstanda referendum qərarı
Türk dünyası

Qazaxıstanda referendum qərarı

Qazaxıstan hökuməti ölkədə nüvə stansiyası tikib inşa etməyəcəyinə qərar vermək üçün referendum keçiriləcəyini açıqlayıb.

“Respublika” “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım Cömərt Tokayev dünən Qanunverici Məclisin açılış sessiyasında çıxış edib və bildirib ki,  ölkəmizdə Atom Elektrik Stansiyasının tikintisinin məqsədəuyğunluğu barədə müxtəlif fikirlər mövcuddur.

“Bir tərəfdən, dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstanın öz nüvə istehsalı olmalıdır. Bəzi mütəxəssislər kiçik reaktorları olan elektrik stansiyalarının tikintisini dəstəkləyirlər. Digər tərəfdən, bir çox vətəndaş və bəzi mütəxəssislər nüvə elektrik stansiyalarının təhlükəsizliyindən narahatdırlar. Semipalatinsk nüvə poliqonunun faciəli irsini nəzərə alsaq, bu başa düşüləndir”- deyə Qazaxıstan Prezidenti bildirib.

Tokayev bu məsələ ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb və 2019-cu il prezident seçki kampaniyası zamanı strateji əhəmiyyətə malik məsələlər üzrə qərarların referendum yolu ilə veriləcəyinə söz verdiyini xatırladıb. Tokayev atom elektrik stansiyasının tikilməsi və ya tikilməməsi məsələsinin ölkənin gələcəyi üçün vacib olduğunu vurğulayıb və deyib: "Ona görə də bu məsələnin referenduma çıxarılmasını təklif edirəm. Referendumun tarixi barədə daha sonra qərar verəcəyik".

Musa Bağırlı,

“Respublika”.