Yurda aparan yollar
İqtisadiyyat

Yurda aparan yollar

Yol haqqında düşüncələr rəngarəngdir. Məktəb yolu, ömür yolu, həyat yolu, tərəqqi yolu, qələbə, Zəfər yolu. Onların hamısı çox dəyərlidir, unudulmazdır, Tanrının bəxş etdiyi fürsətdir, həyat eşqidir, xoşbəxtlikdir, qürurdur. Bu yolların ən müqəddəsi isə yurd yerlərinə aparan yol, xalqımızın taleyindən keçən yollardır.

30 il bundan əvvəl yurd yerlərimizə, torpaqlarımıza, obalarımıza gedən yollar işğalçı tərəfindən bağlanmışdı, Qarabağın taleyinə qıfıl vurulmuşdu, qəsbkarı, işğalçını müdafiə edir, hərbi təcavüzü görməməzliyə vurur, işğalı dondurmağa cəhd göstərir, qəsbkarların başını tumarlayırdılar. Ermənipərəst qüvvələr, dünya erməniliyi birləşmişdi, Azərbaycanın şikəst qalacağına ümid edirdilər. Çünki bütün yolları bağlamışdılar. Bu ağır vəziyyətdən çıxış yolu tapmaq çox çətin idi. Nə qədər çətin olsa da, o yolu - ümid, inam, qələbə, zəfər, qürur, şərəf, qəhrəmanlıq, birlik, şücaət yolunu Qalib Ali Baş Komandan İlham Əliyev müzəffər ordusu ilə birlikdə tapdı. İki yüz illik düyünləri açdı, düşməni məğlub etdi, itirilmiş torpaqları geri qaytardı, şərəfi, ləyaqəti bərpa etdi, doğma xalqına bitib tükənməyən sevinc yaşatdı. Qarabağa və Şərqi Zəngəzura gedən yollarımız haylar tərəfindən tamamilə dağıdılmış, şəhərlər, kəndlər yer üzündən silinmişdi. Tarixi qələbədən sonra Azərbaycan on min kvadratkilometr bir xarabalıqla üz-üzə qaldı. Həyat və uğur düsturunu, qələbə dastanını yazan Liderin ilk tapşırığı yollarla bağlı oldu. Azad edilən ərazilərdə onlarla yol infrastrukturu qurulur, istifadəyə verilir, körpülər tikilir, Qarabağın və Şərqi Zəngəzurun yolları qan dövranı kimi tənzimlənir. Bu yollar quruculuğun, inkişafın, Böyük Qayıdışın ahəngi ilə döyünür, şad xəbərlər, müjdələr yoluna çevrilib.

İkinci Qarabağ müharibəsi başlayan gündən Ali Baş Komandanımızın bütün çıxış və müraciətlərini həyəcanla izləyirdik. Xalqımız dövlət başçısının ətrafında yumruq kimi birləşmişdi, bu möhtəşəm birlik nəticəsində düşmən üzərində parlaq Qələbə qazanıldı. Qalib Ali Baş Komandanımız İlham Əliyev Ermənistanın 30 ildə uydurduğu mifi cəmi 44 günə yerlə-yeksan etdi, işğal altında qalan torpaqlarımız müzəffər Azərbaycan ordusu tərəfindən azad edildi, suverenliyimiz bərpa olundu. 44 günlük müharibə və üstəgəl 23 saat davam edən antiterror əməliyyatları zamanı Ermənistan ordusu darmadağın edildi, dünyaya qəhrəman kimi sırıdıqları ordu silah-sursatlarını ataraq qaçmağa başladı və rüsvayçı şəkildə məğlub oldu. Xalq İlham Əliyev birliyinin sarsılmazlığı qarşısında Ermənistan və onun bütün havadarları tab gətirə bilmədilər. Azad edilən ərazilərdə quruculuq və bərpa işləri ilk növbədə, işğal illərində dağıdılan yolların tikintisi, yol qovşaqlarının qurulması, körpülərin salınmasından başlandı. Məhz ilk infrastruktur layihələr də düşmən tərəfindən dağıdılan və yararsız vəziyyətə salınan geniş yol şəbəkəsinin yenidən qurulmasını əhatə edir. Artıq bir neçə həyat əhəmiyyətli müasir yol istifadəyə verilib. Ən fərəhli haldır ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış da bu yollardan başlayıb və uğurla davam edir. Yeni yollar Qarabağda və Şərqi Zəngəzurda başlanan dirçəlişin döyünən nəbzi, inkişafın arteriyasıdır, bu yerlərə xoşbəxt həyatın qayıtmasından xəbər verir.

3 il müddətində Qarabağda və Şərqi Zəngəzurda 1000 kilometrlərlə yollar çəkilib, 2 beynəlxalq aeroport inşa edilib, minlərlə ev, yüzlərlə məktəb istifadəyə verilib. İşğaldan azad olunan ərazilərin bir hissəsi minalardan təmizlənib, yaşayış massivləri salınır, Laçına, Füzuliyə minlərlə keçmiş məcburi köçkün fərəhlə öz doğma torpaqlarına qayıdıb. Qətiyyətlə demək olar ki, Azərbaycanın son bir neçə yüzillik tarixində bu səviyyədə, bu miqyasda möhtəşəm işlər heç vaxt görülməyib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısı İlham Əliyevin müəyyən etdiyi strategiya, tövsiyə və tapşırığı ilə icra olunan yol infrastruktur layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Yaxşı deyiblər ki, yol həyatdır, yol mədəniyyət, yol inkişafdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Qeyd edək ki, başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44.5 kilometrdir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun olaraq inşa edilib. Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazilərindən keçir. Yeni yol Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks-istiqamətdə insanların rahat gediş-gəlişini təmin edəcək. Dekabrın 25-də, öz ənənəsinə uyğun olaraq ad günündə dövlətimizin başçısı İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib. Kifayət qədər böyük maliyyə vəsaiti hesabına, həm də yolçəkənlərin, körpüsalanların zəhməti sayəsində yeni, müasir və rahat yollar bizi gələcəyə, daha xoş günlərə aparır. Yeni Bərdə-Ağdam avtomobil yolunun üzərində iki avtomobil körpüsü, iki yerdə yol qovşağı və üç yerdə isə yerüstü piyada keçidləri inşa edilib. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib. Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Dörd yol adlanan ərazidən keçən yeni körpünün üstündən Ağdama tərəf uzanan müasir yol ağ zolaq kimi uzanıb gedir. Halbuki, üç il bundan əvvəl bu yerdən iki-üç yüz metr aralıda düşmənlə təmas xətti yerləşirdi. Xəyal məni yaxın keçmişə aparır, qəmli, nisgilli günlər yada düşür, keçmiş sovet dönəmində çəkilmiş ensiz asfalt yol minlərlə insanın ah-naləsindən, göz yaşlarından, didərgin halından çat-çat olmuşdu, erməni işğalı nəticəsində ağdamlılar öz dədə-baba yurdlarından zülmlə, sitəmlə ayrılmışdılar. Bu yolun kənarlarında alaçıq qurub gözləyirdilər, top mərmiləri altında qalmışdılar. 1992-1993-cü illərdə bu yolla şəhid tabutları, yaralılar daşınırdı, bu yol qəmin, kədərin pəncəsində boğulurdu. Düşüncələrdən ayılıram, təzə yolun üstü ilə addımlayıram, qınayan olmasa Ağdama qədər piyada gedərəm. Necə fərəhlənməyəsən, necə sevinməyəsən ki, bu yeni yol Ağdama gedir. Bir vaxtlar bu yoldan kədərlə keçən insanlar indi rahat, yaraşıqlı, işıqlı yolla Ağdama qayıdırlar, inamla, sevinclə, qürurla, gələcək arzularla... Qalib Ali Baş Komandana, müzəffər ordumuza minnətdarlıqla, şəhidlərimizə ehtiramla, qazilərimizə cansağlığı diləyi ilə doğma yurd yerlərinə ayaq basırlar.

Salman ALIOĞLU,

"Respublika".