Qarabağ və Şərqi Zəngəzurda ilk:
Region

Qarabağ və Şərqi Zəngəzurda ilk: "DOST Aqropark"

Türkiyə-Azərbaycan birliyi bütün sahələrdə uğurlu nəticələr verir

"Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə "DOST Aqropark" adlandırılan aqroparkın təməlini qoyduq. Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu, birinci, nümunəvi bir aqropark olacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev  ötən il Zəngilan rayonunda xüsusi nümayəndəsini təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. Cəbrayıl və Ağdam rayonlarında sənaye zonaları yaradılır. Hesab edirəm ki, Zəngilan rayonunda məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri yenə də  kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də "DOST Aqropark"ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik.

Ölkəmizdə əhalinin etibarlı ərzaq məhsulları ilə təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Ərzaq təhlükəsizliyi bütün insanların yaşamaq üçün zəruri olan məhsullara iqtisadi çıxışının təmin olunması, sağlamlığın və fəal həyat təminatının qorunub saxlanılmasıdır ki, bu da   cəmiyyətin inkişafının əsasıdır. Eyni zamanda əhalinin etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin iqtisadi təhlükəsizliyinin tərkib hissəsi olmaqla, aqrar siyasətin əsas hədəfidir. Bu səbəbdən cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün müvafiq tədbirlərin davamlı olaraq həyata keçirilməsi vacib şərtlərdən biridir.

Müasir çağırışlar Azərbaycanda da aqrar sektorun yeni yanaşmalarla inkişaf etdirilməsinin aktuallığını artırıb. Geniş potensiala və zəngin ənənələrə malik kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib. Aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib. Kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir.

Bu isə öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların verilməsi ilə bərabər, fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb.

"Dost Aqropark" türk və azərbaycanlı investorlar tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il oktyabrın 26-da Zəngilan rayonunda "Dost Aqropark"ın təməlini qoyublar. Mərasimdə qeyd olundu ki, Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

20 oktyabr 2022-ci ildə Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsində inzibati binalar, 5 200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıqtipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3 500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb. Qarabağda istehsal olunan məhsulların "Made in Qarabağ" brendi ilə dünya bazarına çıxarılması üçün "Aqro Market" də qurulacaq. Sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı "Dost Aqropark" ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon ABŞ dolları dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Zəngəzur dəhlizi açılandan sonra "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksi logistika baxımından daha önəmli olacaq. Belə ki, həm xaricdən bura arpa, buğda gətirmək daha asan olacaq, həm də aqroparkın istehsal etdiyi məhsulları ixrac etmək daha da rahatlaşacaq. Qardaş ölkə liderləri "Dost Aqropark"ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış heyvanlardan alınan ət məhsullarının paketlərinin üzərinə "Made in Qarabağ" etiketlərinin ilk nümunələrini vurublar.

Müharibəni görmüş və bu müharibə nəticəsində insanların yaşayışı üçün tamamilə yararsız hala salınmış bu yerlərin  indi bərəkətli torpaqlara çevrildiyini xüsusi qeyd edən  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, artıq heyvandarlığın, kənd təsərrüfatının dünyada mühüm yer tutmalı olduğu bir zamana giririk. Əminəm ki, İlham qardaşım bu sahədə çox önəmli bir addım atır, bunu reallaşdırır. Bura artıq bir taxıl anbarı, heyvandarlıq baxımından bir bərəkət tarlası və bir çox ölkənin də, İnşallah, qapısını döyəcəyi bölgəyə çevriləcək. Bütün bunlar belə deməyə əsas verir ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və  gözəl nəticələr verir.

Mustafa KAMAL,

"Respublika".