Ağcabədi: çiyid səpininə hazırlıq
Region

Ağcabədi: çiyid səpininə hazırlıq

Aran torpağının baharı gözəl olur, torpaq oyanır, əkinçilər tarlalara çıxırlar, yaz-tarla işləri sübh tezdən qaş qaralana kimi davam edir. Toxum səpiləcək sahələr arat edilir, mala çəkilir, torpaq altına gübrə verilir. Pambıq əkiləcək şum yerləri çiyid səpini üçün hazır vəziyyətə gətirilir. Qeyd edək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədinin ənənəvi təsərrüfat sahəsi pambıqçılıq son illərdə inkişaf edir təbii ki, pambıqçılığa göstərilən dövlət dəstəyi rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradır.

Ötən təsərrüfat ilində rayonda 11 min 838,58 hektar sahədə çiyid səpini aparılıb, sahələrdən 40 min 362,43 ton məhsul toplanıb. Hər hektardan orta məhsuldarlıq 34,1 sentner təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 3,7 sentner çoxdur. Çiyid səpini, becərmə işləri, suvarma suyu ilə təminat, məhsul yığımı məsələlərində fermerlər yaxşı təcrübə əldə ediblər. Rayonun Ağabəyli, Cəfərbəyli, Hacıbədəlli, Qaravəlli, Xocavənd, Təzəkənd, Kürdlər, Şahsevən Kəbirli kəndlərindəki fermerlər xüsusi mülkiyyətçilər hər hektar pambıq sahəsindən orta hesabla 40 sentner daha çox məhsul əldə ediblər. Ağcabədinin iqlim şəraiti, fermerlərin xüsusi mülkiyyətçilərin pambıqçılıq sahəsində təcrübəsi məhsul istehsalını artırmaq üçün yaxşı stimul yaradır.

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə fermer torpaq mülkiyyətçiləri hazırda çiyid səpininə hazırlaşırlar. Artıq 1485 nəfər istehsalçı ilə emal müəssisələri arasında pambıq əkini üçün müqavilə bağlanıb. Müqaviləyə əsasən, 4324,92 hektarda "MKT İstehsalat Kommersiya" MMC, 3633 hektarda "Azərpambıq" MMC, 2400 hektarda "P-Agro" MMC, 688,7 hektarda "Cotton Trade" MMC, 70 hektarda "AŞİB" MMC 74 hektarda "AZ Təsərrüfat" MMC olmaqla, ümumilikdə 11 min 190,62 hektar ərazidə pambıq əkini həyata keçiriləcək. Qeyd edək ki, çiyid səpiləcək sahələrin 11092,7 hektarı şumlanıb, mala çəkilib. Səpin üçün optimal temperatur yarandığı təqdirdə (aprel ayının birinci yarısında) rayonda çiyid səpini başlayacaq. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin bölgələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri pambıqçılığın inkişaf etdirilməsidir. Dövlət başçısının bu tapşırığı, eləcə kənd təsərrüfatının sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması işləri rayonda uğurla icra olunur.

Salman ALIOĞLU,

"Respublika".