Qarabağ və Şərqi Zəngəzur: dağ havası, bulaq suyu, “yaşıl enerji
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzur: dağ havası, bulaq suyu, “yaşıl enerji"

Tarixi qələbədən sonra sübut olundu ki, Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vəhşilik, vandalizm dəhşət saçır. Qədim yurd yerlərimizdə şəhərlər, kəndlər xarabalığa çevrilib, xain düşmən daş üstündə daş qoymayıb, yollar dağıdılıb, meşələr qırılıb, torpaqlar yandırılıb. Bu gün Ermənistanı müdafiə edən bəzi dövlətlər, xüsusilə Fransa insanlığa qarşı törədilmiş erməni vəhşiliyinə göz yumur, haqsız, ədalətsiz mövqe sərgiləyir. Əslində, bu ikiüzlü münasibət otuz il bundan əvvəl də nümayiş etdirilib.

Erməni vəhşiliyi Qarabağın və Şərqi Zəngəzurun təbiətinə ölçüyəgəlməz dərəcədə ziyan vurub, su mənbələri qəsdən və planlı şəkildə sıradan çıxarılıb, bulaqların gözü tutulub, çayların bəziləri quruyub, digər çaylara isə zəhərli tullantılar axıdılıb. İşğal illərində bu torpaqlarda ekoloji tarazlığı qəsdən, bilərəkdən pozub, meşələri qırıb, təbiətə amansız münasibət göstəriblər.

Qarabağda və Şərqi Zəngəzurda həyat əhəmiyyətli infrastruktur yaradılır. Bölgənin enerji təsərrüfatı yenidən qurulur, hava limanları inşa olunur, yeni yollar çəkilir, yaşayış məntəqələri tikilir, keçmiş məcburi köçkünlərin həmin ərazilərdə etibarlı və layiqli məskunlaşması üçün hər cür şərait yaradılır. Möhtəşəm quruculuq işləri bütün sahələri əhatə edir. Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış başlanıb, yüzlərlə ailə doğma yurdlarına qovuşur. Həmin ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin su ehtiyatlarından istər içməli, istərsə də kənd təsərrüfatı təyinatı üzrə istifadəsi üçün meliorasiya və su təsərrüfatı sahəsinə aid tədbirlər həyata keçirilir. 2020-ci il aprelin 15-də imzalanmış "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Qarabağ və Şərqi Zəngəzurda məqsədyönlü işlər davam etdirilir.

Qeyd edək ki, Şərqi Zəngəzurda bol su mənbələri mövcuddur. Bölgədən bir neçə iri çay keçir. Ona görə də, Həkəri çayı üzərində 90 milyon kubmetr sututumu olacaq anbarın tikintisi nəzərdə tutulub. Həmin su anbarından 253 kilometr uzunluğunda magistral boru vasitəsilə su ötürüləcək. Boru saniyədə 8,5 kubmetr suötürmə qabiliyyətinə malik olacaq. Layihə artıq təsdiq olunub və işlərə başlanılıb. Mütəxəssislərin qənaətinə görə anbarda toplanacaq su bütünlüklə Azərbaycan ərazisindəki mənbələr hesabına formalaşır və keyfiyyətli, təmiz, içməli su hesab edilir. Həmin anbarda yığılacaq sudan işğaldan azad olunan rayonlardan əlavə, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, İmişli, Saatlı və Sabirabad rayonları da daxil olmaqla, 3 milyona yaxın əhali istifadə edəcək.

Bundan başqa, Bərgüşad çayı üzərində,Qubadlı rayonunun Bəxtiyarlı kəndi ərazisində 67 milyon kubmetr həcmində su anbarının tikintisi də nəzərdə tutulur. Layihəyə əsasən bu anbardan 61 kilometr uzunluqda magistral boru çəkiləcək və 12 min hektar sahənin suvarılmasına xidmət göstərəcək. Eyni zamanda Qız qalası baş qurğusunda tikilən, Cəbrayıl və Füzuli rayonları ərazisinə uzanacaq kanalın 50 kubmetr suötürmə qabiliyyəti olacaq. Kanala əlavə olaraq Bəxtiyarlı su anbarından saniyədə 10 kubmetr su ötürüləcək. Zabux çayı üzərində isə 26,7 milyon kubmetr sututumu olan anbar tikiləcək. Həmin anbardan 51 kilometr uzunluqda magistral xətt ayrılacaq və Həkəri çayının sağ və sol sahilləri ərazisində, Qubadlı və Zəngilan rayonları üzrə 12,1 min hektar sahə müasir suvarma texnologiyasının tətbiqi ilə suvarılacaq. Bu layihə iki mərhələyə bölünür: birinci mərhələyə 2023-cü ilin sonlarınadək boru xətlərinin çəkilməsi və 6300 hektar payızlıq sahənin su ilə təmin edilməsi, ikinci mərhələyə isə su anbarının 2024-cü ilin sonunda tikintisinin başa çatdırılması və 12100 hektar sahəyə suyun verilməsi daxildir. Layihənin birinci mərhələsi başa çatdırılıb.

Qarabağ və Şərqi Zəngəzurda ekoloji məsələlərə ciddi diqqət yetirilir. Qeyd edək ki, hələ üç il bundan əvvəl Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib. Artıq bu istiqamətdə çox böyük layihələr icra olunur. Səbəbsiz deyil ki, bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması, həmçinin Azərbaycanın COP29-a evsahibliyi etməsi bərpaolunan və alternativ enerji mənbələrindən istifadəyə ciddi münasibətdən xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, 2022-ci ildən Qarabağın "yaşıl enerji zonası"na çevrilməsi üçün intensiv işlər görülür. Şərqi Zəngəzurda külək, günəş hidroelektrik stansiyalar quraşdırılacaq və Azərbaycan ekoloji təmiz elektrik istehsal edən ölkəyə çevriləcək. Artıq Cəbrayıl rayonu ərazisində 240 meqavat gücündə Günəş enerjisi elektrik stansiyasının qurulması ilə bağlı işlər aparılır, bununla yanaşı, Kəlbəcər və Laçın rayonlarının ərazisində külək elektrik stansiyalarının qurulması istiqamətində müvafiq araşdırmalar aparılır.

Zəngəzur dəhlizindən qardaş Türkiyə və Avropaya keçəcək yaşıl enerji xəttinin reallaşdırılması nəticəsində qarşıdakı illərdə 1 qiqavat gücündə istehsal olunacaq "yaşıl enerji" dünya bazarlarına çıxarılacaq. Mütəxəssislər də hesab edirlər ki, Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi, "yaşıl energetika", "yaşıl kənd təsərrüfatı", "yaşıl nəqliyyat", "ağıllı şəhər", "ağıllı kənd"lərin qurulması - bütün bunlar gələcək uğurlardan xəbər verir. Dünyada neft-qaz istehsal edən ölkə kimi tanınan Azərbaycanı həm də yaşıl enerji istehsal edən ölkəyə çevrilir. Ehtimal edilir ki, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsi başlayıb.

Salman ALIOĞLU,

"Respublika".