Azərbaycan geniş turizm imkanlarına malikdir
İqtisadiyyat

Azərbaycan geniş turizm imkanlarına malikdir

İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri bu sahənin inkişafı üçün zəmin yaradır

Ötən ilin aprelində Bakı Ekspo Mərkəzində XIX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər - "AITF 2023" sərgisi keçirildi. Pandemiya ilə əlaqədar yaranmış 3 illik fasilədən sonra "AITF 2023" turizm sektorunu yenidən diqqət mərkəzinə gətirdi. Ümumiyyətlə, sərgi müxtəlif ölkələrdən turizm sənayesi nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya toplayır ki, bu da onlara yeni əlaqələr qurmaq və satış coğrafiyasını genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqda məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı yaradır. Bundan əlavə, sərgi Azərbaycanın turizm imkanlarının nümayişi üçün də əhəmiyyətli platformalardan biridir. Fəal istirahətin ən geniş yayılmış və kütləvi növü olan turizmə aid tədbirlər yerli və xarici səyahətçiləri cəlb edir, hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə də turizm daha geniş vüsət alır. Bəs ölkəmizdə turizmlə bağlı vəziyyət necədir?

Bu gün turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Turizm ölkə iqtisadiyyatının ayrıca sektoru kimi mövcuddur, lakin onu yeni sahə hesab etmək düzgün olmaz. Belə ki, hələ qədimdən ölkə ərazisindən keçən ticarət karvanlarının hərəkəti ilk səyahətlər hesab olunur. Plini, Plutarx, Herodot, Ptolomey və Strabon kimi səyyah və alimlər hələ eramızdan əvvəl Azərbaycanda olmuşlar...

İqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması siyasətinin həyata keçirildiyi bir zamanda Azərbaycanda turizmin inkişafı üçün də böyük perspektivlər var və bir çox sahələrinin inkişafı üçün geniş resurslar mövcuddur.

Azərbaycan təbiət turizminin inkişafı baxımından çox əlverişli məkandır. Xəzər dənizi sahilində yerləşən, Böyük və Kiçik Qafqaz dağları ilə əhatə olunan ölkə ərazisinin çox hissəsi dağlıq zonalar, qalan hissəsi geniş düzlər, ovalıqlar, çökəklərdən ibarətdir. Ölkədə 1250-dək çay, 250-dək göl vardır. Landşaftının müxtəlifliyi nəticəsində burada dünyada mövcud olan 13 iqlim tipindən 9-na rast gəlinir ki, bu da flora və faunasının zənginliyi deməkdir. 12 minədək heyvan, 4500-dən artıq bitki növü vardır. Dağlıq ərazilər qış turizmi, dağ idman növləri, ekstremal turizmin inkişafı üçün münasib məkandır. Həmçinin Azərbaycan təbiətinin palçıq vulkanları, Yanardağ kimi nadir nümunələri də turistlərin marağını cəlb edir. Müalicəvi termal suların, palçığın, neftin və duz mağaralarının olması isə sağlamlıq turizminin inkişafı üçün əsas bazadır.

Azərbaycanda 7 minədək maddi-mədəniyyət abidələri mövcuddur ki, bu da arxeoloji turizmin inkişafına imkan yaradır. Abidələrlə yanaşı, çoxsaylı muzeylər, incəsənət qalereyaları, zəngin milli musiqimiz, milli mətbəximiz, şəhərlərimizin, o cümlədən paytaxt Bakının özünəməxsus memarlıq üslubu, parklar, xüsusən də Dənizkənarı bulvar da mədəni turizmin inkişafı baxımından əvəzsiz sərvətdir.

Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu potensialı düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirildi. 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" Qanun qəbul edildi və həmin il ulu öndər Heydər Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərman imzaladı. 2001-ci il sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turizm təşkilatına üzv qəbul olundu.

Bu gün turizm ölkəmizdə müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Proqrama uyğun olaraq 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası-Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa turizm marşrutları müəyyənləşdirilib).

Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm kollecinin fəaliyyəti də xüsusi qeyd edilməlidir. Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentliklərinin Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması da turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə böyük təkan verdi.

2020-ci ilin payızında Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalından azad edilməsi də turizmin inkişafına xeyli dərəcədə təsir göstərəcəkdir. Müharibədən ötən üç il ərzində həmin ərazilərdə görülən işlər də bunu deməyə əsas verir. Yeni yolların çəkilməsi, su elektrik stansiyalarının bərpası, yaxud tikintisi, hava limanlarının istifadəyə verilməsi, "ağıllı" şəhər və kəndlərin salınması, həmin ərazilərin "yaşıl enerji" zonası elan edilməsi və s. uzun illər düşmən tapdağı altında qalmış torpağa yeni həyat qaytarmaqla, həm də turizm baxımından cəlbedici edir.

Mədəniyyət paytaxtı Şuşanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ən real məkana çevrilməsi Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının üzə çıxarılması, beynəlxalq aləmə çatdırılması baxımından da əhəmiyyətlidir. Bu gözəl diyarın müsafiri olan hər bir əcnəbi ölkəmiz, onun qədim mədəniyyəti, turizm imkanları barədə məlumat əldə etməklə, həm də onun təbliğinə xidmət etmiş olur. Bir sözlə, ölkəmizdə turizmin inkişafı üçün təbiət bizə bütün imkanları bəxş edib.

Zümrüd QURBANQIZI,

"Respublika".