Qarabağ regional konfransında qarşıda duran vəzifələr müzakirə edilib
Region

Qarabağ regional konfransında qarşıda duran vəzifələr müzakirə edilib

Bu gün respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də genişmiqyaslı islahatlar aparılır, milli təhsilimizin dünya təhsil sisteminə  inteqrasiyası istiqamətində  əhəmiyyətli addımlar atılır.  Ölkə başçısının  göstərişi ilə  regionlarda da təhsilin inkişafına xüsusi diqqət göstərilir. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərimizdə milli təhsilin inkişafı, keyfiyyət  göstəricilərinin yüksəldilməsi məqsədilə mühüm tədbirlər, konfranslar təşkil olunur. Bu günlərdə Qaradağ Regional Təhsil İdarəsinin  tabeliyində fəaliyyət göstərən təhsil işçilərinin ənənəvi sentyabr konfransında yeni tədris ilində qarşıya qoyulan vəzifələr müzakirə edilmişdir.

Hər bir xalqın mənəvi tərəqqisində elm və təhsil mühüm yer tutur. Bu tərəqqiyə nail olmaq üçün iki əsas amil başlıca rol oynayır: məktəb və müəllim. Bu iki məfhumu bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Məhz elə bunun bariz nəticəsidir ki, son illərdə respublikamızın paytaxtında, eləcə də bütün bölgələrimizdə saysız-hesabsız müasirtipli məktəb binaları tikilib istifadəyə verilmişdir. Eyni zamanda, bir çox təhsil müəssisələrində əsaslı təmir işləri aparılmış, yenidən qurulmuşdur. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə, təhsilə göstərdikləri böyük diqqət və qayğının nəticəsidir. Bu da çox təbiidir. Çünki hər bir xalq dünya xalqları arasında öz intellektual bilik səviyyəsinə görə fərqlənir. Bu, öz parlaq təcəssümünü ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir", "Gələcək bilikli, elmli insanların çiyinləri üzərində qurulacaqdır", "Təhsil millətin gələcəyidir" kimi müdrik kəlamlarında tapmışdır. Bu günlərdə  Qarabağın səfalı, füsunkar, dilbər guşələrindən biri olan Ağdamda Qarabağ Regional Təhsil İdarəsinin  tabeliyində fəaliyyət göstərən təhsil işçilərinin ənənəvi keçirilən sentyabr konfransında ötən il ərzində görülmüş işlər geniş təhlil edilərək yeni dərs ilində təhsilin inkişafı ilə bağlı qarşıdakı vəzifələr açıqlanmışdır.  

Konfransı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq konfrans iştirakçılarını yeni dərs ili münasibətilə təbrik etdi və işlərində yeni-yeni uğurlar, nailiyyətlər arzuladı. Sonra çıxış üçün söz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər  təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyevə verildi. O, təlim prosesində ulu öndər Heydər Əliyev irsinin  şagirdlərə dərindən öyrənilməsi, məktəblərdə şagird davamiyyətinin gücləndirilməsi, məktəbəqədər təhsilə diqqət və qayğının artırılması, valideynlərlə məktəb arasında əlaqənin möhkəmləndirilməsi, keyfiyyət göstəricilərinin yüksəldilməsi və s. qarşıya qoyulan vəzifələrdən bəhs etdi.

Çox maraqlı, olduqca əhatəli keçən konfransda Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdilov hesabat məruzəsi ilə çıxış etdi: "Region təhsilinin vəziyyətinin təhlilini apararaq prioritet istiqamət kimi dayanıqlı nizam-intizamın təmin olunmasına müvəffəq olmaqla təhsilin keyfiyyətinin artırılması, həmçinin funksional istiqamətlər üzrə fəaliyyətdə qanunun aliliyini rəhbər tutaraq göstərilən etimadın doğruldulması, təhsil müəssisələri və vətəndaşlar arasında qarşılıqlı etimad və inama söykənən münasibətlərin formalaşması kimi  qarşıya qoyulan bu mühüm, nəcib vəzifələri həyata keçirmək  təhsilverənlərin həyat meyarı olmalıdır. Bunsuz təhsildə böyük nailiyyətlər qazanmaq mümkün deyil". Təhsil idarəsinin rəhbəri  çıxışında RTİ-yə  daxil olan 8 rayonda fəaliyyət göstərən 637 təhsil müəssisəsi haqqında müfəssəl məlumat verməklə slayd vasitəsilə 4-cü sinif monitorinq nəticələri əsasında formalaşmış reytinq siyahısını açıqladı. Regiona daxil olan rayonların içərisində Şuşa, Xocalı, Xocavənd, Bərdə rayonlarının göstəriciləri digər rayonların göstəricilərindən nisbətən üstün idi. Tərtər, Ağcabədi rayonları isə qeyd olunan monitorinqin nəticələrinə görə aşağı səviyyədə idi. G.Əbdilov vurğuladı ki, respublika üzrə bölgələrdə yaradılmış 12 regional Təhsil İdarəsi fəaliyyət göstərir. RTİ-nin 4-cü sinif monitorinqin nəticələri əsasında formalaşmış reytinq siyahısında 2022-ci illə müqayisədə bu il  Abşeron - Xızı, Şəki - Zaqatala, Dağlıq Şirvan, Quba - Xaçmaz, Şirvan - Salyan və s. RTİ-nin orta bal göstəricilərinin 30%-dən çox olduğunu qeyd etdi. Eyni zamanda 9-cu sinif  buraxılış imtahanlarının nəticələrini də  ətraflı təhlil edərək ötən tədris ilinin  nəticələrinə görə Şuşa (102,63%), Xocalı - Xocavənd (94,38%), Bərdə (89,54%), Ağdam (88,27%), Füzuli (84,12%) rayon təhsil sektorlarının keyfiyyət göstəricilərinin yetərincə olduğunu açıqladı.

İdarə müdiri hesabat məruzəsində 2022-2023-cü tədris ilində 202 məzunun məktəbi fərqlənmə attestatı ilə bitirdiyini konfrans iştirakçılarının nəzərinə çatdırdı. Onlardan 102 məzun tam orta təhsil səviyyəsi üzrə, 100 məzun ümumi orta təhsil səviyyəsi üzrə attestat almış, 11-ci sinfi bitirən 2 məzun isə gümüş medala layiq görülmüşdür.

Regionda təhsilin nəticələrini yaxşılaşdırmaq üçün idarə tərəfindən  müxtəlif məzmunda tədbirlər keçirilmiş, şagirdlərin inkişafını dəstəkləyən tədbirlər planı hazırlanaraq  icra olunmuşdur. Hesabat məruzəsində şagirdlərin olimpiadaya marağının artması da vurğulandı.

Təhsilverənlərin sertifikatlaşdırılması qarşıya qoyulan vacib tələblərdən olduqca aşağıdır. Gündüz Əbdilov bundan hər bir təhsilverənin ciddi nəticə çıxarmalı olduğunu xüsusilə vurğuladı. Natiq təhsil sahəsində fərqlənən müəllimlərə diqqət və qayğı göstərildiyini, 8 nəfərin "Tərəqqi" medalı, 2 nəfərin "Əməkdar müəllim", 2 nəfərin "Qabaqcıl təhsil işçisi", 6 nəfərin Fəxri Fərmanla mükafatlandırıldığını, habelə təhsil müəssisələrində çalışan 511 nəfər təhsil işçisinin isə idarə rəhbəri tərəfindən "Fəxri Fərman" və "Təşəkkürnamə" ilə təltif olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Beləliklə, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdilov  çıxışını yekunlaşdıraraq təhsil işçilərinin keçən dərs ilində  yol verdikləri nöqsanları aradan qaldırmaq üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərinə və  yeni tədris ilində daha böyük nailiyyətlər qazanacaqlarına ümidvar olduğunu bildirdi.

Tədbirdə respublika fənn olimpiadasında qızıl medala layiq görülmüş Ağdam rayonu 118 nömrəli məktəbin şagirdi Elvin İbrahimli və akademik Zərifə Əliyeva adına Bərdə Şəhər Texniki Təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Məmmədova çıxış edərək qazandıqları uğurlardan danışdılar. Sonra təhsildə fərqlənənlər Fəxri fərmanla  təltif edildilər.

Ədalət HÜSEYNOV,

Qarabağ Regional Təhsil İdarəsinin

Ağcabədi rayonu üzrə təhsil sektorunun metodisti.