Unudulmaz, cəsur oğullar
Sosial həyat

Unudulmaz, cəsur oğullar

Lənkəran

Keçən il sentyabrın 12-dən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınmasında ordumuzun giziri Xəyal Əhədzadə şəhidlik zirvəsinə ucalıb.

Xəyal Əhədzadə 21 avqust 1998-ci ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində dünyaya göz açıb. Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbinin yetirməsi idi. Boks üzrə məktəblilər arasında Azərbaycan birinciliyinin qalibi olmuşdur. O, 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi döyüşlərdə fəal iştirak edib. Murovdağ istiqamətində, Cəbrayıl, Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə fədakarlıq, igidlik, rəşadət göstərib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə hünər və qəhrəmanlıq göstərdiyinə görə Xəyal Əlövsət oğlu Əhədzadə "Azərbaycan Bayrağı" və 3-cü dərəcəli "Rəşadət" ordenləri, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Şəhidin il mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak edib. Mərasim iştirakçıları əvvəl şəhidin məzarı önünə gül dəstələri düzüb xatirəsini böyük ehtiramla yad ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Pezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin qayğı və problemlərini daim diqqətdə saxladıqlarını, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu bildirib.

Şəhidin atası Əlövsət Əhədov qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.

Lerik

Ötən il düşmənin genişmiqyaslı təxribatının qarşısının alınmasında dağlar diyarı Lerik üç şəhid verib. Sərhəd Xidmətinin baş çavuşu Şəmistan Sadıxov, Milli Ordumuzun leytenantı Vüsal Məlikov və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Coşqun Zülfizadə döyüş zamanı şəhidlik məqamına ucalıblar.

Şəmistan Əbdülağa oğlu Sadıxov 1994-cü il noyabr ayının 6-da Lerik rayonunun Əvilə kəndində anadan olub. Murya kənd tam orta məktəbini bitirib. Əfqanıstan Demokratik Respublikasında sülhməramlı qüvvələrin tərkibində həqiqi hərbi xidmət keçib.

Vətənə, torpağa məhəbbət onu hərb sənətinə bağlayıb. Şəmistan 2017-ci ildən Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində xidmətə başlayıb. Vətən müharibəsində fədakarlıq, igidlik, qəhrəmanlıq nümunəsi göstərib. Şəmistan 2022-ci il sentyabr ayının 13-də Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alarkən Laçın rayonunda qəhrəmancasına şəhid olub. Ölümündən sonra Şəmistan Sadıxov "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

Vüsal Bəxtiyar oğlu Məlikov 2000-ci il yanvar ayının 1-də Lerik rayonunun Almu kəndində dünyaya göz açıb. Məktəb illərindən hərbçi olmaq arzusu ilə yaşayıb. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

Azərbaycan Prezidentinin sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Silahlı Qüvvələrin hərbi qulluqçusu Vüsal Bəxtiyar oğlu Məlikov "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Coşqun Ədail oğlu Zülfizadə 1998-ci ilin dekabr ayının 27-də Lerik rayonunun Nuravud kəndində anadan olub. 2002-ci ildə ailələri Bakı şəhərinə köçüb. Xəzər rayonunun Binə qəsəbəsindəki 218 nömrəli tam orta məktəbi bitirib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Coşqun Ədail oğlu Zülfizadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Şəhidlərin il mərasimində Lerik Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və qohumları, hərbçi yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".