Prezidentliyə namizəd Fuad Əliyev isə seçkiyə bu şüarla gedir:
Siyasət

Prezidentliyə namizəd Fuad Əliyev isə seçkiyə bu şüarla gedir: "Varlı vətəndaş, varlı ölkə!"

Prezidentliyə namizəd Fuad Əliyev bildirdi ki, 7 fevral 2024-cü il tarixi Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi əlamətdar olacaq:

"Bu günü Azərbaycan tarixinə qızıl hərflərlə yazmaq, gələcək nəsillər üçün suveren Azərbaycanı qoruyub yaşatmaq, ata-babalarımızdan bizə əmanət qalan dövlətçiliyimizi əmin dövlət başçısına etibar etmək xalqımızın əlindədir. Müstəqil ölkənin müstəqil vətəndaşları olaraq seçkiyə gəlmək və layiq bildiyiniz namizədə səs vermək seçki günü ölkəmiz adına görə biləcəyiniz ən şərəfli iş və böyük vəzifədir. "Vətəndaş Birliyi" seçki qərargahı vətəndaşlarımızın gələcək rifahı, dövlətimizin əbədi müstəqilliyi və suverenliyimizin qorunması üçün təsis olunmuş və prezident seçkisində mənim namizədliyimi irəli sürüb. Vətəndaşlarımızın şəxsimə olan etimadını və inamını doğrultmaq üçün prezident seçkisində namizəd olmağı qəbul etmiş və bu məsuliyyəti dərindən dərk edərək seçkilərdə iştirakı şərəfli vəzifə hesab etmişəm. Bu gün nəinki bizim dostlarımız, hətta bizi sevməyən bədxahlar belə ölkəmizin qazandığı uğurlardan və qələbələrdən heyranlıqla bəhs edirlər. Azərbaycanın bugünkü inkişafının davamlılığını təmin etmək, onu məkrli təsirlərdən qorumaq hər bir vətəndaşın və dövlətə rəhbərlik edən şəxsin çiyinlərinə ali və böyük məsuliyyət qoyur".

Seçicilərlə görüşlərdə prezidentliyə namizəd Fuad Əliyev bir neçə məsələlərə toxunur. Onun sözlərinə görə, həkim və müəllimlərin 5 ildən bir əlavə sertifikasiya imtahanları ləğv olunmalıdır:

"Buna ehtiyac yoxdur. Minlərlə təhsil və tibb işçisinə işgəncə verilir. Bu imtahanlar formal xarakter daşıyır. Üstəlik, imtahanlar insanların işlədiyi və yaşadığı yerə yaxın ərazidə təşkil olunmalıdır. Amma bölgələrdən təhsil və tibb işçiləri əlavə xərc çəkərək Bakıya gəlmək məcburiyyətində qalır".

Fuad Əliyev qeyd edib ki, dövlət bu istiqamətdə real addımlar atmalıdır. Onun fikrincə, sertifikasiya imtahanları keyfiyyət artımına səbəb olmur:

"Çünki 58-60 yaşlı tibb işçisini yenidən yoxlamağa ehtiyac yoxdur, onun kifayət qədər təcrübəsi var. Bu məsələ böyük narazılıq doğurur".

Prezidentliyə namizəd Fuad Əliyev hesab edir ki, seçki günü hər bir vətəndaş seçki məntəqəsinə gələrək səsinə sahib çıxmalıdır:

"İnsanlar gəlib səs versinlər. Görüşlərdə də çağırış edirik ki, səsverməyə gəlməkdən imtina etməyin". 

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır