Prezident İlham Əliyev Münxendə bölgədə sülhün tərəfdarı olduğunu qətiyyətlə vurğuladı
MÜSAHİBƏLƏR

Prezident İlham Əliyev Münxendə bölgədə sülhün tərəfdarı olduğunu qətiyyətlə vurğuladı

Münxen Təhlükəsizlik Konfransında Cənubi Qafqaz dövlətlərinin liderlərinin panel müzakirələrdə bir araya gəlməsi tarixi hadisədir. Bu görüş bölgədə sülhün bərqərar olması istiqamətində mühüm nəticə verə bilər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın "newsday.ge" informasiya portalının direktoru Aftantil Otinaşvili söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyev bu görüşdə Azərbaycan dövlətinin, xalqının mövqeyini və bölgədə sülhün yaranmasına hər zaman tərəfdar olduğunu qəti şəkildə bildirdi. O, müharibə və postmüharibə dövründə regionda baş verən bütün hadisələri faktlarla hər kəsin diqqətinə çatdırdı. Eyni zamanda, bir sıra ölkələrə vacib mesajlar verdi. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya üçün mühüm çağırış idi.

"Həmin görüşdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də ölkəmizin mövqeyini açıqladı. Baş nazir regionda sülhün, bütün müharibələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu, eyni zamanda, Tbilisinin sülh danışıqları üçün yaxşı məkan olduğunu diqqətə çatdırdı", - deyə portal rəhbəri qeyd edib.

O, təəssüflə qeyd edib ki, bəzi qüvvələrin əlində oyuncağa çevrilən Ermənistan rəhbərliyi bölgədə sülhün yaranmasına hər vasitə ilə maneə yaratmağa çalışır. Amma Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması, inkişaf üçün bölgənin üç dövləti bir araya gəlməsi vacibdir. "Əgər diqqət yetirsək görərik ki, Azərbaycan və Gürcüstan bu platformanın yaranmasına tərəfdardırlar. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan bunun əhəmiyyətini başa düşmür. Başa düşsə, tez bir zamanda özündə qətiyyət tapıb bu platformaya qoşular, bununla da Cənubi Qafqazın tarixində yeni səhifə açılmış olar", - deyə Aftantil Otinaşvili diqqətə çatdırıb.