Faydalı qazıntı yataqlarında qeyri-qanuni istismar dərhal dayandırılmalıdır
MÜSAHİBƏLƏR

Faydalı qazıntı yataqlarında qeyri-qanuni istismar dərhal dayandırılmalıdır

Atəşkəsin pozulmasına yol verilməməlidir. Otuz illik işğaldan azad edilən Şuşada təkcə burada işləyən insanlar üçün deyil, həmçinin işğal dövründə törədilmiş dağıntılardan sonra yenidənqurma işlərinin rahat şəkildə həyata keçirilməsi üçün şəhər sülh, əmin-amanlıq içərisində yaşamağa layiqdir və yaşamalıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud söyləyib.

O bildirib: "Azərbaycanın təkcə Səudiyyə Ərəbistan ilə deyil, həmçinin bütün ərəb dünyası arasında hava əlaqəsinin olması vacibdir ki, buraya daha çox turist rahat şəkildə səfər edə bilsin. Hazırda Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında uçuşları iki aviaşirkət həyata keçirir. Hesab edirəm ki, bu şirkətlərin sayı artırılmalıdır. Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı gündən-günə artır. Turizm şirkətləri və aviaşirkətlər buna daha çox diqqət yetirməli və turistlərin daha rahat səfərlərini təşkil etməlidirlər".

Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunmuş ekoaksiyaya münasibət bildirən Şahzadə Turki Al Faysal Al Saud deyib: "Təbii ehtiyatlar Allahın insanlara bəxş etdiyi nemətdir. Əgər insanlar bu təbii neməti qorumurlarsa, onlardan faydalanmaq imkanını itirəcəklər. Əgər hər hansı faydalı qazıntı yatağında qeyri-qanuni istismar aparılırsa, bu, dərhal dayandırılmalıdır. Bununla bağlı etirazların keçirilməsi bu məsələyə diqqət cəlb olunmasına və həmin qeyri-qanuni işlərin dayandırılmasına kömək edə bilər".