Əzəli yurdumuza dönüş olacaq
MÜSAHİBƏLƏR

Əzəli yurdumuza dönüş olacaq

Azərbaycan xalqı son 200 ildə erməni vəhşilikləri ilə üzləşmiş, haylar həmişə türk xalqlarına qarşı düşmənçilik mövqeyində durmuş, hər vasitə ilə öz mənfur niyyətlərini həyata keçirməyə çalışmışlar. Qərbi Azərbaycanda erməni vandalları hansı cinayətləri törətməmişlər? Onların soydaşlarımıza qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Qərbi azərbaycanlılar ağır məhrumiyyətlərə və milli faciələrə məruz qalmışlar. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni viran edilmişdir.

Tarixi mənbələr göstərir ki, ayrı-ayrı illərdə Qərbi Azərbaycanda məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan ərazilərində yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə Qərbi azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.

Qərbi Azərbaycanda 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə daşnaklar bir sıra qanlı cinayətlər törətmiş, dinc insanları amansızlıqla qətlə yetirmişlər. 1988-ci ildə daşnak quldurlar deportasiyanın son mərhələsini həyata keçirdilər. Bu ədalətsizliyə SSRİ rəhbərləri göz yumur, ermənilərə dəstək olurdular.

Mən uzun illər Qərbi Azərbaycanın Ağbaba mahalının Oxçuoğlu kənd məktəbində müəllim işləmişəm. Həyatımın Ağbabada olan anlarını yaxşı xatırlayıram, 40 ilə yaxındır ki, erməni xəyanəti nəticəsində dədə-baba yurdumdan aralı düşmüşəm, taleyimə qaçqınlıq yazılıb.

1988-ci ilə qədər Amasiya rayonunda 22371 nəfər əhali yaşayırdı ki, onun da çoxunu azərbaycanlılar təşkil edirdi.

Hazırda amasiyalılar Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayırlar. Mən bir müəllim kimi, Amasiyalı yetişdirmələrimlə fəxr edirəm.

Bu gün əslən Qərbi Azərbaycandan olan bütün insanlar kimi mən də sevinirəm. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan ziyalıları ilə görüşündən qürur hissi keçirirəm. Daha doğrusu qəlbimdə Qərbi Azərbaycana, qəribsəmiş yurd yerlərinə qayıdış hissi alovlandı.

Prezident İlham Əliyevin qətiyyəti, məqsədyönlü fəaliyyəti sayəsində 2020-ci ildə cəmi 44 gün ərzində 30 ilə yaxın erməni tapdağında olan Qarabağ ərazisi erməni işğalından azad olundu.

Ölkə başçısının qeyd etdiyi kimi, indi əsas hədəf Qərbi Azərbaycan ərazisindəki qədim yurd yerlərimizin geri qaytarılmasıdır. Mütləq biz buna nail olacağıq. Axı, İrəvan şəhəri, Amasiya, Göyçə mahalı, Zəngəzur mahalı, Vedibasar, Zəngibasar və digər Azərbaycan əraziləri nə vaxtacan erməni tapdağında qala bilər? Gün gələcək ki, Göyçə gölünün, Arpa çayının nəğməli sahillərində Azərbaycan oğulları yallı gedəcəklər.

Qərbi Azərbaycan İcmasının inzibati binasında Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə ölkə başçısının tarixi nitqindən, ziyalıların çıxışlarından, bir daha əmin oldum ki, çox tezliklə köç karvanları qəribsəmiş yurd yerlərinə dönəcək, bu isə ermənilərə və onların Fransa, İran kimi havadarlarına əsl zərbə olacaqdır.

Sultanəli QULİYEV,

müəllim, təqaüdçü.