Prezident Ersin Tatar: Azərbaycan Şimali Kiprin haqq səsinin dünyaya çatdırılmasına böyük dəstək göstərir
Gündəm

Prezident Ersin Tatar: Azərbaycan Şimali Kiprin haqq səsinin dünyaya çatdırılmasına böyük dəstək göstərir

Can Azərbaycanda səfərdə olmaqdan çox məmnunam. Qardaş ölkəyə 200 nəfərdən ibarət nümayəndə heyəti ilə gəlmişik. Tarixi günlər yaşayırıq. Ölkəmizə dəstəyinə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edirik. Türkiyə, Azərbaycan və Şimali Kipr bir millət, üç dövlətdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 14-də təşkil olunan mətbuat konfransında deyib.

Bu günlərdə Şimali Kiprdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edildiyini bildirən Prezident Ersin Tatar Ulu Öndərin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qüruru olduğunu vurğulayıb.

Türkiyənin Şimali Kiprin qarantı olduğunu, qardaş Azərbaycanın da ölkəsinin yanında yer aldığını qeyd edən Ersin Tatar Şimali Kiprin də öz növbəsində, Türkiyənin və Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. O, Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində mühüm görüşlər keçirdiklərini, ölkələrimizin turizm, elm, təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlığı davam etdirəcəklərini qeyd edib.

"Azərbaycanın uzun illərdən sonra ərazi bütövlüyünü tam bərpa etməsi bizi də ürəkdən sevindirdi. Biz bu gün bir-birimizə daha yaxın olmalıyıq. Türkdilli dövlətlər öz güclərini birləşdirməlidir. Azərbaycan dövləti, xalqı, mediası Şimali Kiprin haqq səsinin dünyaya çatdırılmasına böyük dəstək göstərir. Dəstəyə və qonaqpərvərliyə görə sonsuz təşəkkürümüzü bildiririk", - deyə Ersin Tatar vurğulayıb.

Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını qeyd edən Şimali Kiprin Prezidenti bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyindən əminliyini ifadə edib.

Ersin Tatar ölkəsinin müstəqilliyinin tanınması məsələsinə də toxunub və bu istiqamətdə görülən işlərdən danışıb. Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olmağın üstünlüklərini qeyd edən Ersin Tatar Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsinə töhfə verdiyini vurğulayıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Şimali Kiprin nümayəndə heyətinin üzvləri də iştirak ediblər.

AZƏRTAC.