Milli Məclisin sədri Sahibə Qafarova Polşa Senatının sədri Tomaş Qrodzki ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Tomaş Qrodzki ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini deyib. O qeyd edib ki, Azərbaycan və Polşa arasında bir çox sahələri əhatə edən əlaqələr mövcuddur.
Xalqlarımız arasında əsrlərdir yaxşı əlaqələrin olduğunu deyən Senatın sədri xatırladıb ki, polyaklar hələ onilliklər əvvəl Azərbaycanda sülh şəraitində yaşayıb, fəaliyyət göstəriblər.
Senatın sədri Tomaş Qrodzki ölkəsinin Cənubi Qafqaz regionunda sülh yaradılması istiqamətində bütün səyləri, təşəbbüsləri dəstəklədiyini söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova Polşanın Azərbaycan üçün dost və strateji tərəfdaş ölkə olduğunu deyib, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin sədri azad olunan ərazilərimizdə həyata keçirilən böyükmiqyaslı quruculuq işləri barədə də məlumat verib.
Parlamentin sədri bildirib ki, Azərbaycan sülh istəyir və Ermənistana beynəlxalq hüququn əsas prinsiplərinə söykənən 5 maddəlik sülh sazişi təklif edib. Təəssüf ki, Ermənistan hələ də sülh sazişini imzalamaqdan boyun qaçırır.
Ermənistanın hərbi-siyasi təxribatları barədə də məlumat verən Sahibə Qafarova deyib ki, bu ölkə Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni fəaliyyətlər üçün istifadə edib. Yolda keçirilən etiraz aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə qarşıdır. Ermənistan bu yolun bağlı olması barədə yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.
Bildirilib ki, Azərbaycan ilə Polşa arasında əlaqələrin həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı çərçivəsində inkişaf edir
Görüşdə, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.