Politoloq: ”Fransa Ermənistandan Azərbaycana qarşı rıçaq kimi istifadə edir”
Siyasət

Politoloq: ”Fransa Ermənistandan Azərbaycana qarşı rıçaq kimi istifadə edir”

Birinci Qarabağ müharibəsindən etibarən Azərbaycana qarşı qeyri-obyektiv yanaşma sərgiləyən Fransa hökuməti, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu dövrlərdə də hər zaman ermənipərəst mövqeyi ilə seçilib. İkinci Qarabağ müharibəsinə qədər Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli prosesində iştirak edən Fransa, bu illər ərzində işğalı aradan qaldırmaq üçün deyil, Azərbaycanı mövcud reallıqlarla barışdırmaq üçün səy göstərib. Lakin İkinci Qarabağ savaşında qazandığımız qələbə regionda yeni geosiyasi vəziyyət yaratdı. Artıq bu reallıqlarda əsas söz sahibi kimi Azərbaycan çıxış edir.

Fransa isə hər zaman olduğu kimi yenə də, ölkəmizə qarşı təxribatçı addımlar atmaqla məşğuldur. Bu günlərdə Fransa parlamenti yenidən Azərbaycana qarşı qərəzli mövqeyi ilə diqqət mərkəzinə gəlib. 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi hökumətə müraciət edərək “Dağlıq Qarabağa dəstək” verilməsini tələb ediblər. Onlar bildiriblər ki, guya Azərbaycan dövləti ermənilərə qarşı “etnik təmizləmə” işi aparır. Bununla yanaşı, parlament nümayəndələri prezident Makronu rəsmi Bakıya qarşı sanksiyalar tədbiq etməyə çağırıb.

Məsələ ilə bağlı “Respublika”ya açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, son 30 ildə Fransa dövləti hər zaman  beynəlxalq hüququ ayaqlar altına ataraq İrəvanın hərbi-siyasi rəhbərliyinin  işğalçılıq siyasətini dəstəkləyib:

"Fransa hökumətinin tutduğu qərəzli mövqeyini bu gün də davam etdirir. Ona görə də rəsmi Paris ilə Bakı arasında münasibətlər heç də arzuolunan səviyyədə deyil. Təəssüflər olsun ki, Fransa Ermənistandan Azərbaycana qarşı rıçaq kimi istifadə edir".

Politoloq Azərbaycan-Türkiyə münsaibətlərinin yüksək səviyyədə inkişaf etməsinə Fransanın qısqanclıqla yanaşdığını da vurğulayıb:

"Güclənən Azərbaycan və Türkiyə faktorunu özünə qarşı təhdid sayan Fransa hər iki ölkənin inkişafını əngəlləmək üçün əlindən gələni edir və bunun üçün Ermənistan kartından da yararlanmağa çalışır. Gözləmək olar ki, Laçın yolu ilə bağlı Milli Assambleyada hansısa qərar qəbul edilsin, yaxud Fransa Qarabağla bağlı hansısa təxribatçı addım atsın. Ona görə də bu iki məsələyə qarşı daim diqqətli olmalıyıq” - deyə, ekspert bildirib.

Musa Bağırlı,

“Respublika”.