Polis Akademiyası dövlətin diqqət və qayğısı əhatəsindədir
Sosial həyat

Polis Akademiyası dövlətin diqqət və qayğısı əhatəsindədir

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 sentyabr 1921-ci il tarixli qərarı ilə Bakıda milis məktəbi açılmışdır

Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, iqtisadi layihələri uğurla icra edən, regionda aparıcı gücə çevrilən, iqtisadiyyatının bütün sahələrini inkişaf etdirən bir ölkə kimi tanınırsa heç şübhəsiz ki, burada ən önəmli faktor daxili vəziyyətin sabit olmasıdır. Sözsüz ki, ölkə daxilində stabilliyin bərqərar olmasında ən ağır yük polis əməkdaşlarının üzərinə düşür. Ona görə də Daxili İşlər Nazirliyinin əməkdaşlarının öz vəzifə borclarını ləyaqət və şərəflə yerinə yetirməsi ölkəmizin ümumi inkişafına müsbət təsir göstərmişdir.

Azərbaycanın bütün sahələrinin inkişafında danılmaz əməyi olan ulu öndər Heydər Əliyevin ölkəmizin hazırkı vəziyyətə gəlib çatmasında xüsusi xidmətləri olmuşdur. Heydər Əliyevin respublikamıza rəhbərliyə gəlməsindən sonra polis orqanlarının fəaliyyətində ciddi dönüş oldu. Məhz ümummilli liderin sayəsində polis orqanlarının müasir səviyyədə formalaşması prosesinə başlanıldı. Heydər Əliyevin hüquq-mühafizə sistemindəki zəngin bacarığını Azərbaycan polisinə aşılaması sayəsində hüquqi dövlət, sağlam vətəndaş-cəmiyyət quruculuğu işində polis sistemi də yaxından iştirak etmişdir. 2002-ci ildə Azərbaycan Polisinin yaranmasının 84-cü ildönümündə iştirak edən Heydər Əliyevin göstərişi ilə Akademiyanın yüksək standartlar səviyyəsində yenidən qurulmasına dair konkret tapşırıqlar verməsi bu ali təhsil müəssisəsinin sonrakı inkişafını şərtləndirdi.

Daxili İşlər Nazirliyinin struktur qurumu və ali təhsil müəssisəsi olan Polis Akademiyasının vətənpərvər, savadlı, istedadlı polislərin yetişməsində xüsusi rolu var. Bu ali təhsil ocağını bitirən məzunlar ölkədə sabitliyi, təhlükəsizliyi, ictimai asayişi və xalqın əmin-amanlığını qorumaq kimi əhəmiyyətli funksiyaların icraçısı olaraq fəaliyyət göstərirlər. Daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynayan Polis Akademiyası bu günə kimi böyük inkişaf yolu keçib. Belə ki, Akademiyanın yaranma tarixi XX əsrin ikinci onilliyinə təsadüf edir. Milis orqanları üçün kadrların hazırlanması məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 sentyabr 1921-ci il tarixli qərarı ilə Bakıda milis məktəbi təsis edilmişdir. 1936-cı ilədək paytaxtda fəaliyyət göstərsə də, həmin ildən sonra Mərdəkan qəsəbəsinə köçürülmüş, 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrilmişdir. Burada təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi bitirənlərə orta təhsilli hüquqşünas diplomu verilirdi. 1957-1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk və digər şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin nəzdində ali hüquq təhsili verən Azərbaycan Polis Akademiyası yaradıldı. Təxminən üç il sonra Polis Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 1995-ci il tarixli qərarına əsasən I dərəcəli ali təhsil müəssisələri sırasına, Prezident İlham Əliyevin 2010-cu il 24 may tarixli Fərmanı ilə isə xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.

2003-cü ildən etibarən Azərbaycana rəhbərlik edən İlham Əliyev ümummilli liderin ideyalarına və siyasi xəttinə sadiq qalaraq polis sisteminin inkişafına böyük töhfələr vermişdir. Daxili İşlər Nazirliyində aparılan islahat işləri sayəsində Polis Akademiyasının maddi-texniki bazasının gücləndiyini və təhsil keyfiyyətinin yüksəldiyini xüsusi qeyd etmək lazımdır. Hazırda müasir standartlara cavab verən texnologiyalar əsasında Akademiyada ali təhsilin bakalavriatura, magistratura və doktorantura, həmçinin əlavə təhsil proqramı üzrə ixtisasartırma, kadrların yenidən hazırlanması, təkrar ali təhsil üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışının Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlaması deyilənləri bir daha təsdiq edir. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yaradılan Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli liderinin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanlar yaradılmışdır.

Azərbaycan polisi haqqında söylənilməsi olan ən vacib məqamlardan biri də onların hər zaman Vətənin müdafiəsində fəal iştirak etməsidir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində polis əməkdaşları respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə canını qurban vermişdir. Son olaraq 19-20 sentyabr tarixlərində Qarabağ ərazisində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı daha on iki daxili işlər orqanı əməkdaşı şəhidlik zirvəsinə ucalaraq Vətənə xidmətin hər şeydən üstün olduğunu sübut etdilər.

Musa BAĞIRLI,

"Respublika".