Paytaxtda Xocalı soyqırımının ildönümünün hazırlıq işlərinə başlanılıb
Sosial həyat

Paytaxtda Xocalı soyqırımının ildönümünün hazırlıq işlərinə başlanılıb

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, "dəmir yumruq" qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bakının Xətai rayonunda "Ana fəryadı" abidə-kompleksinin yerləşdiyi parkda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bir sıra hazırlıq işlərinə başlanılıb. Parkda abadlıq və təmizlik işləri görülür.

Ərazidə park boyu xaricdən gətirilmiş mövsümi güllər əkilir. Həmçinin qazon örtüklərinin yenilənməsi işləri də aparılır. İşıq sistemləri yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır. Hazırda məhəccərlərin, işıq dirəklərinin, bir sıra oturacaq və günlüklərin rənglənməsi həyata keçirilir. Hər il olduğu kimi, bu il də Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara soyqırımına aid bannerlərin vurulması işləri aparılır. Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənir, səkilər yuyulur. Xocalı parkına gələn Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfizadə və digər küçə və yollarda dekorativ gül kollarının əkilməsi həyata keçirilir.

“Respublika”.