Paşinyan yol ayrıcında...
Siyasət

Paşinyan yol ayrıcında...

Qazaxın anklav olmayan 4 kəndinin – Bağanis-Ayrım, Qızıl Hacılı, Xeyrimli və Aşağı Əskiparanın Azərbaycana qaytarılması ilə bağlı məsələ gündəmdən düşmür.

Bu dəfə müzakirələrə Ermənistanın sabiq prezidenti Serjik Sarkisyan da qatılıb. Separatizmin və azərbaycanlılara qarşı soyqırımının müəlliflərindən olan erməni bildirib ki, guya Azərbaycan 90-cı illərdə Ermənistana daxil olan qaz kəmərlərini partlatmaq istəyirmiş, İrəvan da bunun qarşısını almaq üçün 4 kəndi ələ keçirib. Onun səsləndirdiyi bu fikirlər absurddur və saxta illüziyadan ibarətdir. Əsas məqam odur ki, Sarkisyan guya təhlükəsizlik məqsədilə də olsa, həmin kəndlərin işğal edildiyini təsdiqləyib.

Daha sonra Ermənistan Parlamentinin spikeri Alen Simonyan sözügedən məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib və yazıb ki, "Ermənistan Respublikasının aydın xəritəsi var. O xəritə ilə biz müstəqil olduq və bu, müzakirə mövzusu deyil".

Sözügedən xəritədə isə hazırda Ermənistanın işğalı altındakı anklav olmayan 4 kəndin Azərbaycan sərhədləri daxilində olduğu, digər 3 kəndin isə eksklav olduğu açıq-aydın görünür. Eyni zamanda Naxçıvanın Kərki kəndinin də ölkəmizə aidliyi bu paylaşımla təsdiqlənib. Əslində, baş nazir Nikol Paşinyan da dəfələrlə eyniməzmunlu açıqlamalarla çıxış edib. Bir müddət əvvəl o, deputatlarla keçirdiyi qapalı görüşdə Qazax rayonunun 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunan 4 kəndinin əsl sahibinə geri verilməsi zərurətindən bəhs edib. Yəni indiki məqamda görünən odur ki, əslində anklav olmayan ərazilərin qaytarılması barədə ümumi razılıq var. Ermənistan hökuməti prosesin irəliləməsini dəstəkləyir. Erməni cəmiyyəti də düşünür ki, hazırkı gedişata müqavimət göstərmək mənasızdır. Erməni siyasi şərhçilər də bildirirlər ki, Azərbaycana onların olanı verməliyik ki, bizim olanı götürə bilək. Belə olan təqdirdə isə bir sual meydana çıxır. Bəs proses razılaşdırılıbsa, nəyə görə icra olunmur? Bunun da bir sıra səbəbləri var.

Paşinyan hökuməti dərk edir ki, prosesin icrasını bir neçə həftə ərzində reallaşdırmaq asan məsələ deyil. Çünki ölkə daxilindəki müəyyən siyasi dairələr, xüsusilə də müxalifət və son dövrlərdə onlarla birgə fəaliyyət göstərən terrorçu qruplaşmalar bu reallıqla barışmırlar. 4 kəndin Azərbaycana qaytarılmasını vətənə satqınlıq kimi qələmə verirlər və iqtidar üzərində ciddi təzyiq formalaşdırırlar. Ermənistanda "VOMA", "Yerkrapa", "Sasna-Tser" və başqa hərbi-könüllü qruplaşmalar aktivləşiblər. Parlamentdəki müxalifətin də dəstəklədiyi bu dəstələr bölgəyə "döyüşçülərini" göndərməkdən və Azərbaycana qarşı hərbi əməliyyatlara hazırlıq prosesinə başladıqlarından danışırlar. Digər tərəfdən, ermənilər ondan da narahatdırlar ki, sözügedən kəndlər Azərbaycana qaytarılacağı təqdirdə Gürcüstana gedən yol, qaz kəmərləri və 3-cü Ordu Korpusunun mövqeləri Azərbaycanın nəzarətinə keçəcək. Bu ərazilər isə Ermənistanda strateji əhəmiyyətə malikdir. Ona görə də müxalifət nümayəndələri sözügedən bölgəyə səfərlər edərək insanları sərhədi silahla qorumağa təhrik edirlər. Belə halları müşahidə edən Ermənistan isə analoji addımlar ataraq erməni sakinlərini sakitləşdirməyə çalışır. Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı başlayan müzakirələrin ən qızğın vaxtında rəsmi İrəvan şərti sərhəddə texnika cəmləşdirir. Bir növ dörd kəndin qaytarılmasına zəmin yaratmaq üçün Bakının hücuma keçəcəyi ssenarisini gündəmə gətirir. Amma bu gedişat Ermənistanın beynəlxalq səviyyədə cəzalandırılması ilə nəticələnə bilər. Rəsmi Bakı İrəvanın təcavüzkar siyasəti və vurduğu zərərə görə kompensasiya ödəməsini tələb edə bilər.

Ümumiyyətlə, indiki məqamda Qazaxın dörd kəndinin geri qaytarılması ilə bağlı rəsmi İrəvanın hər hansı iddiası ola bilməz. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Alm-Ata Bəyannaməsi çərçivəsində tanıdığını bəyan edib. Bu sənədə əsasən də ölkəmizin sərhədlərinə həm Qazax rayonunun dörd kəndi, həm də eksklavları daxildir. Nikol Paşinyan da bu reallığı dərk edir. Sadəcə onu da nəzərə alır ki, daxili auditoriyanın reaksiyasını nəzərə almadan tez müddətdə atılan belə bir addım erməni cəmiyyətində üsyanla nəticələnə bilər. Yarana biləcək xaotik vəziyyət isə hökumət çevrilişinə səbəb olar. Buna görə də İrəvanın siyasi rəhbərliyi "nə şiş yansın, nə kabab" məntiqi ilə hərəkət edir. Amma prosesi uzatmaq Nikol Paşinyanın daha da dalana dirənməsi ilə nəticələnəcək.

Jalə QASIMZADƏ,

"Respublika".