Paşinyan rejimi Ermənistan ərazilərini Qərbə peşkəş çəkir
Siyasət

Paşinyan rejimi Ermənistan ərazilərini Qərbə peşkəş çəkir

Bu günlərdə NATO-nun baş katibi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Yerevanda baş tutan görüşünün ardınca Qərb bloku ilə təmaslar daha çox sıxlaşdı. Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin Brüsseldə keçiriləcək görüşü bu qəbildəndir.

Ermənistan daxilində habelə, qərb strukturlarında ABŞ və Avropa İttifaqının Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamağa hazırlaşması fikirləri artıb. Məlumdur ki, Ermənistan tərəfi artıq KTMT təşkilatındakı iştirakını dondurub. Bununla yanaşı, Rusiyanın Gümrüdəki 102-ci bazasının ləğvinə başlanacaq ki, bu da müttəfiq qoşunlarının Ermənistan ərazisindən yekun çıxarılmasına səbəb olacaq. İrəvandan çıxarılmış Rusiya sərhəd qoşunlarını və hərbi qulluqçularını Avropa Monitorinq Missiyasının (EUMA) bir hissəsi kimi göndərilən ABŞ hərbçiləri əvəz edəcək.

Kollektiv qərb Ermənistan ərazilərində təhlükəli oyunlar qurur. Məqsəd Paşinyan rejimini sıxışdırmaq və Rusiya əleyhinə yeni cəbhə açmaqdır. Artıq uzun müddətdir ki, mülki müşahidə missiyası adı altında qərbin casus şəbəkəsi hayların ərazilərində yerləşdirilir. Şübhəsiz, sözügedən proseslər region ölkələrini – Rusiya və İranı ciddi narahat edir. Təəssüf ki, bu çərçivədə Ermənistana qarşı praktiki tədbirlərin şahidi olmuruq. Nəzərə alsaq ki, KTMT ilə münasibətləri donduran Ermənistan yad qüvvələrin regiona müdaxiləsinə rəvac verir, bu olduqca böyük nəticələr doğura bilər. Qeyd edim ki, bu addım Ermənistan ərazisində də, ciddi xaosa səbəb olub. Rəsmi İrəvanın bu cür manevrlər etməsinin səbəbi ondan ibarətdir ki, qərb təsisatlarının hərbi və diplomatik sferada dəstəyini daha da artırsın, antiRusiya meyilləri fonunda əldə edilən dividendlərlə Azərbaycana qarşı üstünlük nümayiş etdirsin.

Görünən odur ki, Paşinyan rejimi hazırda Ermənistan ərazilərini Qərbə peşkəş çəkir. Hayastan Qərbin Rusiya ilə hesablaşacağı yeni məkana çevrilir. Rəsmi Moskvanın təsir mexanizmlərini sıradan çıxarıb, KTMT-dən uzaqlaşaraq guya müstəqil siyasət yürütdüyünü iddia edən rəsmi İrəvan əslində kollektiv qərbin boyunduruğu altında hərəkət edir.

Tural İSMAYILOV,

Politoloq.