Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 131 milyon manatdan çox vəsait ödənilib
Sosial həyat

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 131 milyon manatdan çox vəsait ödənilib

Dövlət   büdcəsinə   daxilolmalarda əmlakların  özəlləşdirilməsindən  və   icarədən yığılan    vəsaitlər   də   az   rol   oynamır. Əmlak Məsələləri Dövlət Xidməti bildirir   ki, qurum tərəfindən 2023-cü ilin yanvar-oktyabr ayları ərzində 49 hərrac keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 14 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 443 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 10 ayı ərzində  hərraca çıxarılmış dövlət əmlakı üzrə 275 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 59 onlayn qoşulma reallaşıb.

Cari ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 104 milyon manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin 10 ayı ərzində dövlət büdcəsinə 27,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 131 milyon manatdan çox vəsait daxil olub.

Nəriman Cavadov,

“Respublika”.