LAÇIN: doğma yurdda sevincli anlar
Sosial həyat

LAÇIN: doğma yurdda sevincli anlar

Uzun illər torpaqlarımız işğal altında qaldı, yüz minlərlə soydaşımız dünyaya göz açdığı yerlərdən didərgin salındı. Bütün dünyanın gözü qarşısında baş verən həmin hadisələr bu günə kimi neçə-neçə azərbaycanlının taleyində ağrılı-acılı, silinməz iz buraxıb. Geridə qalan illər ərzində Birinci Qarabağ müharibəsinin ağrılarını qəlbində daşıyanların tək ümidi "bəlkə də nə vaxtsa yenidən geri qayıdacağıq", - deyib həyata bağlanmaları olub. 30 il bu həsrətlə yaşayanların ümidinin tükəndiyi bir vaxtda, tarixi ədalətin bərpa olunmasına, şübhəsiz ki, ən çox sevinən də məhz onlar idi. Artıq 2022-ci ildən etibarən Böyük Qayıdış proqramı ilə Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndləri, eləcə də Laçın və Füzuli şəhərləri geridönüşün ünvanına çevriliblər.

Dekabrın 28-də qədim yurd yerimiz olan Laçın şəhəri növbəti dəfə doğma sakinlərinə qucaq açıb. 30 il sonra ata ocağına qayıdan keçmiş məcburi köçkünlər bundan sonra dağlar qoynunda yerləşən Laçında yaşayıb, yaradacaqlar.

Dövlət başçısının tapşırığına uyğun olaraq, Laçın şəhərinə üz tutan növbəti köç karvanı bu dəfə də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Həmin sakinlər vaxtilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar. Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 80 nəfərin köçürülməsi dövlətimizin uğurudur.

İkinci Qarabağ müharibəsində xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yarandı. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edən laçınlılar torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçına ilk köç bu il mayın 28-də Müstəqillik Günündə olmuşdu. Prezident İlham Əliyev həmin gün Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etmişdi. Bütün bunlar onu göstərir ki, istər işğal dövründə olsun, istərsə də işğaldan sonra laçınlılar hər zaman ən ali səviyyədə dövlətin diqqət və qayğısı ilə əhatələniblər.

İşğaldan azad olunduqdan sonra dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdə olan Laçın şəhəri tez bir zamanda inkişaf yoluna qədəm qoymuş bölgələrdən biri oldu. Ötən ilin avqust ayında azadlığına qovuşan Laçında sürətli bərpa-quruculuq işləri bu gün də davam etməkdədir.

Laçın şəhərində 712 obyekt üzrə təmir-bərpa işləri aparılır. Onlardan 75-i qeyri-yaşayış, 628-i fərdi yaşayış, 9-u ümumi yaşayış evidir. Artıq şəhərin ərazisində bütün telekommunikasiya, işıq, qaz, su, elektrik, rabitə xətləri çəkilib və sakinlərin istifadəsinə verilib. Yenidənqurma işlərində şəhərin estetik görünüşünün qorunması da əsas vəzifələrdən biridir. Məhz bu amil nəzərə alınaraq kommunal xətlərin hamısı yer altından aparılıb. Noyabr ayından etibarən Laçın şəhəri və Zabux kəndinə mavi qazın verilməsi təmin olunub ki, bu da sakinlərin istilik problemi ilə qarşılaşmayacağına dəlalət edir. Laçın şəhərində digər bir vacib məsələ də öz həllini tapıb. Şəhər içməli su ilə də tamamilə təchiz olunub. Bura alternativ olaraq dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən Xırmanlar kəndi ərazisindən alternativ su kəməri çəkilib. Həmin su kəməri təbii bulaq suyundan qidalanır. Alternativ su kəmərinin çəkilməsində məqsəd şəhərin yüksək ərazisinin su ilə təmin olunmasıdır. Bundan başqa, bu ilin may ayından etibarən şəhərdə modul tipli xəstəxana fəaliyyət göstərir. Həmçinin şəhər əhalisinə aptek, marketlər, iaşə obyektləri, poçt, bankomat xidməti də həyata keçirilir. Turistlərin cəlb olunması istiqamətində də iş görülüb və modern üslubda otellər istifadəyə verilib.

Ən vacib məsələlərdən biri də laçınlıların işlə təmin olunmasıdır ki, bu istiqamətdə də bir sıra addımlar atılıb. Bu məqsədlə Zerti kəndi ərazisində Aqro və Sənaye Parkı inşa edilib. Burada 46 müəssisənin fəaliyyəti nəzərdə tutulub və bu müəssisələrdən demək olar ki, 7-si artıq fəaliyyət göstərir. Ümumilikdə isə 46 müəssisə üzrə 1169 nəfər laçınlı işlə təmin olunacaq. Hazırda yüzlərlə laçınlı işlə təmin olunub. Laçında ilk dəfə Həkəri çayının sahilində balıqçılıq təsərrüfatı qurulub və iş yerləri istifadəyə verilib. Beləliklə, 1 il ərzində Laçın şəhərinə köçürülən sakinlərin sayına və görülən işlərə nəzər saldıqda əminliklə demək olar ki, qədim yurd yerimiz Böyük Qayıdış proqramına uğurla hazırlaşan bölgələr sırasındadır və digər keçmiş məcburi köçkünlər də böyük səbirsizliklə Laçına qayıdacaqları günü gözləyirlər.

Musa BAĞIRLI,

"Respublika".